|
Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə geniş tərkibli görüşü Moskva-Bakı münasibətlərinin hazırkı və gələcək konturlarıdır.
Bu sözləri ABŞ Qulf Analitik Mərkəzinin politoloqu, doktor Teodor Karasik Soçi görüşünün nəticələri haqda Axar.az-a danışarkən deyib:
“Müxtəlif sahələrdə, o cümlədən, enerji sahəsi, qonşuluq (Ermənistan, İran) və coğrafiya (Xəzər dənizi) daxil olmaqla, bir sıra məsələlərdə Putin Əliyevin Rusiyadakı təhlükəsizlik və maliyyə qurumları ilə daha yaxın olmasını, Qafqaz və Orta Asiya boyunca əlaqələrin yenidən qurulmasını istəyir. Bütün bunların İranla birbaşa əlaqəsi olduğu fikrindəyəm. Rusiya bilir ki, İran Azərbaycana təsir etmək imkanındadır. Buna görə də Bakını müəyyən özünəməxsus orbitdə saxlamağa çalışır”, - Karasik deyib.
Politoloqun fikrincə, Ermənistan da bu baxımdan Rusiyanın maraq dairəsindədir: “Təkcə Dağlıq Qarabağın hüquqi statusuna görə deyil, həm də Ermənistanın siyasəti (Nikol Paşinyan və Robert Köçəryan arasında mübarizə) bütövlükdə Qafqaza təsir etməkdədir. Nəhayət, Qafqazda, xüsusən Azərbaycanda, eyni zamanda, Orta Asiyada Türkiyə böyük nüfuza malikdir. Rəsmi Ankara Qafqaz və Orta Asiyanın türk dövlətlərini – Azərbaycan, Özbəkistan, Qazaxıstan, türkmənistan və Qırğızıstanı ortaq dil, ənənə və tarix zəminində bir araya gətirməyə çalışır. Putin əmin olmaq istəyir ki, bu yaxınlaşması Rusiyanın maraqlarının hesabına reallaşmayacaq”.
Politoloqun sözlərinə görə, Soçi görüşündə 2024-cü ilə qədər davam edəcək əməkdaşlıq proqramı və müxtəlif sahələri əhatə edən altı "yol xəritəsi" daxil olmaqla, çoxsaylı sənəd imzalandı: “Yol xəritələri arasında ticarət, qarşılıqlı investisiya siyasətinin həyata keçirilməsi, nəqliyyat, mədəni mübadilə və turizm, eləcə də neft sektorunda əməkdaşlıq daxil olmaqla, müxtəlif sahələrdə humanitar əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub”.