|
Danimarkanın “Danske bankı”nın adı indi daha çox ruslarla, daha doğrusu, Kremlə yaxın rus oliqarxlarının çirkli pulları ilə yada salınır.
“Financial Times” qəzetinin məlumatına əsasən, təkcə bir ildə bankın Estoniya filialından 30 milyard dollar pul keçirilib.
Bu nəticələr bankın fəaliyyətinin araşdırılması ilə bağlı tərtib olunan sənəddə öz əksini tapıb. Qəzetin jurnalistləri Kerolayn Binhem və Riçard Miln sənədin qaralama variantı ilə tanış olublar.
Məruzə “Danske bank”ın özünün sifarişi ilə “Promontory Financial” konsaltinq şirkəti tərəfindən hazırlanıb.
Sənəddə yazılıb ki, 2013-cü ildə NRP (non-resident portfolio-qeyri-rezident portfelləri) tranzaksiyalarının həcmi özünün ən yüksək zirvəsinə çatıb. Məhz həmin ildə 80 min tranzasksiya ilə on milyardlarla pulun Qərbə köçürüldüyü qeyd edilir.
“Hər şeydən əvvəl şübhəli tranzaksiyaların həcmi 3,9 milyard dollar cuvarında olduğu güman edilib. Bu ilin iyul ayında isə Rusiya hökumətinin qənimi, məşhur “Maqnitski işi”nin əsas fiqurantlarından sayılan Billi Brauder və Danimarkanın “Berlingke” qəzeti rəqəmin ən az 8,3 milyard dollardan yuxarı olduğunu bəyan ediblər. Daha sonra isə “Danske bankı”nı özü son rəqəmin ilk nəticələrdə göstərilənləri bir neçə dəfə aşdığını etiraf etməyə məcbur qalıb.
“Promontory”nin məruzəsində 2013-cü ildən sonra pul axınının zəiflədiyi qeyd olunur. Burada Estoniyanın Maliyyə xidmətləri üzrə idarəsinin apardığı araşdırmaların da təsiri böyükdür. Həmin təhqiqat zamanı isə bankların irimiqyaslı və uzunmüddətli qanun pozuntularına yol verdiyi ortaya çıxıb.