|
Bəzi siyasi qüvvələr özlərini inqilabın müdafiəçisi kimi təqdim edərək, Respublikaçılar Partiyası ilə gizli razılığa girməyə və inqilabı məhv etməyə çalışırlar.
Axar.az xəbər verir ki, bunu Erebunidə təşkil edilən mitinqdə çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bu qüvvələr parlamentdə, restoranlarda respublikaçılarla danışıqlar aparır, onlardan resurslardan istifadə edərək seçkini saxtalaşdırmalarını istəyirlər. Əgər onlar seçkidə qalib gəlsələr, elə edəcəklər ki, növbədənkənar seçki baş tutmasın.
İnqilabdan sonra bizə qoşulan qüvvələr özlərini inqilabçı elan etdilər. Əvvəllər isə onlar bunun əleyhinə çıxır, Serj Sərkisyana yaxşı deyirdilər. İndi isə onlar respublikaçılarla danışıqlar aparırlar. Bu qüvvələr hədəflərinə çatmayacaqlar, onları məğlubiyyət gözləyir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Çarukyan Blokunun rəhbəri Qagik Çarukyan hökuməti 1 mart qırğınları ilə bağlı açdığı bəzi cinayət işlərinə görə tənqid edib. Ermənistan mətbuatı isə onun gizli şəkildə Robert Köçəryanla danışıqlar apardığını yazıb.