|
Rusiyalı politoloq Qriqori Trofimçuk “Azərbaycan xəbərləri”nə təqdim etdiyi məqalədə Cənubi Qafqazdakı vəziyyət və Rusiya ilə ABŞ arasında bu regiona təsir uğrunda başlamış mübarizə barədə maraqlı iddialarla çıxış edib.
Axar.az məqaləni təqdim edir:
Cənubi Qafqaz uğrunda mübarizə
Rusiya və ABŞ arasında Cənubi Qafqaza təsir uğrunda böyük mübarizə başlayıb. Lakin bununla yanaşı, Çin faktorunu da qeyd etmək lazımdır. Çünki Çinin burda təkcə öz maraqları deyil, həm də iqtisadi aktivləri var. Bunlar da öz növbəsində siyasi faktora çevrilməkdədir. Buna görə qeyd etmək olar ki, Çin burda dolayısıyla rəsmi Moskvanın tərəfindən çıxış edərək onun mövqeyini gücləndirir. Biz artıq görürük ki, Ermənistanda vəziyyət ciddi şəkildə qeyri-sabitliyə doğru gedir və orda hər şey hələ indi başlayır. Bildiyimiz kimi, Gürcüstan isə artıq faktiki olaraq Qərbin dayaq nöqtəsidir. Artıq görürük ki, Azərbaycan da bu baxımdan strateji infrastruktur obyektlərinin vasitəsilə ciddi araşdırılır.
Bununla yanaşı regionda iki böyük problem mövcuddur – bunlardan biri İran, digəri isə Qarabağdır. ABŞ artıq İranı rahat buraxan deyil. İrana qarşı yönəlmış proseslər bölgədəki vəziyyəti tamamilə dəyişə bilər. Xüsusən də əgər ABŞ Xəzərin sahillərinə çıxmağa imkan əldə edərsə. Buna mane olmağa heç kim hazır deyil. Eyni zamanda, biz görürük ki, Xəzəryanı beş dövlət heç bir konvensiyaya məhəl qoymadan Amerika ilə əlaqələrini inkişaf etdirir.
Göründüyü kimi, Yaxın Şərqdəki qeyri-sabitlik artıq Cənubi Qafqaza çox yaxınlaşıb. Bütün bu problemlər Rusiya və ABŞ arasındakı münasibətlərdə yaranmış çatı dərinləşdirir və ortaq razılığa gəlməyi getdikcə mümkünsüzləşdirir.
Putinin Bakı səfəri və Kollektiv Təhlükəsizlik Təşkilatı
Rusiya hələ ki, regionda Azərbaycanı strateji tərəfdaşına çevirməyə tələsmir. Lakin son zamanlar baş verənlər göstərir ki, o, bunu istənilən məqamda etməyə hazırdır. Azərbaycan MDB-dən başqa Rusiyanın iştirakçısı olduğu heç bir bloka üzv deyil. Bu baxımdan Azərbaycan əsas sahələrdə tutarlı faktora çevrilir. Bu yaxınlarda Xəzər dənizinin hüququ statusu haqda imzalanmış Konvensiyanı buna misal göstərmək olar. Azərbaycan nə bilavasitə Avrasiya İqtisadi İttifaqına, nə Kollektiv Təhlükəsizlik Təşkilatına iştirakçı kimi qoşulasıdır. Çünki Azərbaycan, Konstitusiyasında qeyd olunduğu kimi, öz neytrallığını qorumaq hüququna malikdir. Ancaq bu formatlarla sıx əlaqələr qurmaq üçün müşahidəçi qismində çıxış etməyə hazırdır.
Rəsmi Bakı başa düşür ki, hətta bu istiqamətdə atdığı addımlar Ermənistana qarşı qeyri-hərbi silah ola bilər. Odur ki, bu istiqamətdə işlərini daha da genişləndirir.
Hazırda Bakı üçün əsas məqsəd Moskva ilə arasında baş verə biləcək 2013-cü “soyuqlaşma”sının təkrar yaşanmasının qarşısını almaqdır. Lakin 2013-cü il dünya siyasətində böyük dəyişikliklərə səbəb olan Krım hadisəsindən öncə baş vermişdi.
Odur ki, Rusiyanın hazırda gedən müharibələrdə iştirakının Rusiya – Azərbaycan münasibətlərinə necə təsir göstərəcəyi məlum deyil.
Burada üstəlik Rusiyanın Türkiyə ilə də münasibətlərini bir faktor kimi nəzərə almaq lazım gələcək. Başqa hərbi bloklarda iştirak etmək baxımından Azərbaycan nəzərə almalıdır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə müəyyən məsələlərdə oynamaq olar, amma NATO ilə belə münasibətlər qurmaq mümkün deyil.
Odur ki, əgər Azərbaycan KTMT ilə yaxınlaşmasa, Cənubi Qafqazda qaçılmaz olacaq gərginlik şəraitində onu güclə NATO ilə yaxınlaşdırmağa çalışacaqlar. Burada “İsveçrə variantı” alınmayacaq.
Bu halda artıq formal neytrallığa istinadlar əhəmiyyət kəsb etməyəcək. Hətta Bakının bu günə qədər aldığı müasir silahlar belə onun köməyinə gəlməyəcək. Bu baxımdan qarşıda gözlənilən hadisələrin fonunda rəsmi Bakı öz dövlətçiliyini hansı yolla qoruyacağını seçməli olacaq.
Ermənistanla əlaqədar B planı
Düşünürəm ki, hazırda istənilən dövlət başçısı Rusiya-Ermənistan münasibətləri haqda və ümumilikdə Ermənistanın daxilində baş verən hadisələrin yaxın perspektivi barədə düşünməlidir. Bunu şərti olaraq “B planı” adlandırmaq olar. Putin-Paşinyan görüşünun nəticələri göstərir ki, Ermənistanın baş naziri görüşədək səsləndirdiyi tezislərini yenidən təkrar etməkdədir.
Yəni onun Rusiya-Ermənistan münasibətlərindəki mövqeyi heç bir dəyişikliyə məruz qalmayıb. Burada baş nazirin Moskvaya yönəltdiyi “müdaxilə etməmək” termini böyük maraq kəsb edir. Üstəlik Rusiya– Ermənistan danışıqlarından sonra Ermənistanın daxilində baş verən hadisələr də maraqlıdır. “Vətən xainləri” axtarışı adı altında Paşinyanın rəqiblərinin təqibi davam edir.
“Plan B”, “V”, “Q” və sair bu səpkidə olan planları daima ehtiyatda saxlamaq lazımdır. Məsələn, Yanukoviçlə Azarovun belə planları yox idi. Çünki onlar siyasətçi deyil, sadəcə məmur idilər. Buna görə onlar başa düşə bilmədilər ki, 2013-cü ilin 21 noyabrında Ukraynanın Avropa ilə münasibətlərinə assosiativ son qoymasını elan etməsi arxasıyca “sel gətirəcək”.
Ermənistanın isə ən yüksək səviyyədə keçirilmiş məqsədyönlü və qeyri-formal görüşlərdən sonra hansı istiqamətdə irəliləyəcəyi bilinmir. Məhz bu barədə ciddi düşünmək lazım gələcək.
2018-ci ildə Qarabağda müharibə
Hazırda Qarabağ bir çox göstəricilərinə görə Donbasa bənzəyir. Silahlı münaqişə artıq mütəmadi hal alıb və müharibə istənilən an baş verə bilər. Buna görə də burada hansısa tarixə və ya müddətə əsaslanmaq lazım deyil. Bu səhv olacar və dinclik effekti yaradar. Hərbi dərsliklərdə qeyd olunduğu kimi, müharibənin başlanması üçün zəmin hazırdır. Hazırki vəziyyətdə hətta Bakıda doğulmuş Viktor Zorge belə “22 iyun” tarixinin xəbərdarlığını təkrar edə bilməz. Daha aydın danışacam: müharibə artıq gedir, sadəcə olaraq hələ ki, qeyri-aktiv fazadadır.
Müharibənin başlaması – hələlik ehtimal şəklində olsa belə – o vaxt baş tuta bilər ki, Moskvanın Bakı və İrəvanla münasibətləri eyni vaxtda gərgin həddə çatsın. Hazırda Ermənistanda baş vermiş hadisələr və onların inkişaf tendensiyası göstərir ki, bu gözləntinin reallaşması mümkündür.