|
Bir neçə gün əvvəl Azərbaycan orbitə sayca üçüncü olan ikinci telekommunikasiya peykini buraxdı. Peykin orbitə buraxılışı Fransız Qvianasında yerləşən kosmodromdan - Qviana Kosmik Mərkəzindən reallaşdırılıb.
Rəsmi məlumata görə, “Azerspace-2" peyki ABŞ-ın ”Space Systems/Loral" (SSL) şirkəti tərəfindən yüksək etibarlı “SSL 1300" peyk platforması əsasında istehsal olunub. Peykin orbitdə yanacaq ömrü minimum 20 il təşkil edəcək.
Qeyd edək ki, yeni peykin istismarı üçün Bakıda və Naxçıvan MR-də yerüstü infrastruktur yenilənib. Orbitdəki sınaq prosesləri və yekun orbital mövqeyə yerləşdirilməsi uğurla başa çatdıqdan sonra peykin idarəçiliyi istehsalçı şirkət tərəfindən “Azərkosmos” ASC-yə təhvil veriləcək ki, bundan sonra peyk kommersiya fəaliyyətinə başlamaq üçün tam hazır vəziyyətdə olacaq.
“Azerspace-2" peyki Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edəcək. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbləri qarşılamaq üçün yüksək texniki imkanlar, əlverişli əhatə zonası və keyfiyyətli xidmət təklif edəcək. Yeni peyk ”Azerspace-1" peykinin orbitdəki ehtiyatı olacaq. Bu da öz növbəsində “Azərkosmos”a bugünədək ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradacaq.
“Azərkosmos”dan verilən məlumata əsasən “Azerspace-2" peyki hələ orbitə buraxılmamış artıq onun tutumlarının 46 faizi dünyanın peyk xidmətləri üzrə aparıcı şirkəti olan ”İntelsat" şirkətinə satılıb. Bu müqavilə üzrə ödənişlər layihə dəyəri və maliyyələşmə xərclərinin 60 faizinin geri qaytarılmasını təmin edəcək. Hazırda peykin qalan tutumlarının satışı ilə əlaqədar digər ölkələrlə aktiv biznes danışıqları aparılır.
Ümumilikdə, dəyəri 190 milyon ABŞ dolları olan “Azerspace-2" peykinin ölkə iqtisadiyyatına 400 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
“Azərkosmos”un xidmətlərinin alıcıları əsasən xarici ölkələrdəki qurumlar olduğundan onun fəaliyyəti ixraca istiqamətlənib. Belə ki, şirkətin idarəçiliyində olan “Azerspace-1" peykinin gəlirlərinin 80 faizi, ”Azersky" peykinin gəlirlərinin 98 faizi xarici bazarlarda formalaşır. “Azərkosmos”un hazırda dünyanın 25-ə yaxın ölkəsində 100-dən çox özəl və dövlət şirkətlərinin daxil olduğu müştəri bazası mövcuddur. Onlar arasında Reuters, MTV, National Geographic kimi media nəhəngləri də var.
Dəyəri 233 milyon ABŞ dolları olan və beş ildir ki, fəaliyyət göstərən “Azerspace-1" peykinin resurslarının 80 faizi kommersiya yönümlü istifadədədir. Bu günədək peykin tutumlarının istismarından 80 milyon ABŞ dolları həcmində gəlir əldə edilib. Peykin qalan ömrü ərzində ölkə iqtisadiyyatına daha 220 milyon ABŞ dolları gəlir gətirəcəyi proqnozlaşdırılır.
Azərbaycanın orbitə buraxılan ikinci peyki “Azresky”nin başlıca tətbiq sahəsi ölkənin müdafiə və təhlükəsizliyinə xidmətdir. Bu peykin də kommersiya potensialı var. “Azersky” peykinin xidmətlərindən Fransa, Moldova, Latviya, Estoniya, Tacikistan, Özbəkistan və s. ölkələrdə olunur. Dəyəri 157 milyon Avro olan “Azersky” peykindən bu günədək 24 milyon ABŞ dolları həcmində gəlir əldə edilib.
2017-ci ildə “Azərkosmos ASC-nin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 37 milyon 530,4 min manat təşkil edib. Xatırladaq ki, 2016-cı ildə cəmiyyətin peyk telekommunikasiya xidmətləri üzrə gəlirləri 28 milyon 085,2 min manat olub.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz hesab edir ki, Azərbaycanın peyklərə sahib olması ölkənin imici və peyk ailəsində öz yerini möhkəmlətməsi baxımından xeyli əhəmiyyətlidir: “Bu, ilk növbədə dövlətin gücünün göstəricisidir. Hazırda kosmik sahədə biznes qurmağı hər ölkə bacarmır. Peyk buraxılışı varsa, ona xidmət göstərən infrastrukturu, kadr potensialı olmalıdır. Azərbaycanda belə infrastruktur yaradılıb. Eyni zamanda şəxsən tanıdığım neçə gənc var ki, bu sahə üzrə xaricdə təhsil alıb gəlib. Yəni artıq kadr potensialı da formalaşdırılır və bu, çox müsbət haldır. Peyklərə malik olmaq, kosmik sahədə fəaliyyətlər bu istiqamətdə elmin inkişafı üçün əlverişli zəmin yaradır”.
Ekspert deyir ki, kosmik biznes bazarı böyük rəqabətin olduğu bir sahədir: “Burada uğur qazanmaq, biznesi genişləndirmək çox çətin bir prosesdir. Çünki bizdən əvvəl bu sahəyə yatırım edənlər var, bazar demək olar ki, onların əllərindədir. Belə rəqabətli bazara daxil olmaq üçün yüksək keyfiyyətli xidmətlər təklif etməlisən. Necə deyərlər, göydə də resurslar zamanında zəbt olunub, yerlər tutulub. Ciddi rəqabət var. Eyni zamanda peyklərin də ömrü xeyli məhduddur. Yəni yüz milyonlarla xərc çəkilən peykin cəmi 15 il ömrü var. Həm də normal fəaliyyət üçün bir peyk yetərli olmur, dayanıqlı olmur. Adətən müştərilər bir peyki olanla deyil, çoxlu sayda peyki olanlarla müqavilə bağlayırlar. Deməli, bir peyk buraxan məcburdur ki, xidmətini satmaq üçün yenisini də buraxsın və bu halda xərclər də artmış olur”.
O.Gündüzün fikrincə, “Azərkosmos”un işi əslində elə indi başlayır ki, hər iki peykin xidmətini satmaq üçün “yağlı” müştərilər tapsın, yeni xidmətlər hazırlasın, əməkdaşlıqları gücləndirsin: “Hazırda telekommunikasiya xidməti verən peyklər cəlbedici və biznes baxımından uğurlu hesab olunmur.
Çünki artıq dünyada yerüstü telekommunikasiya infrastrukturu yetərincə inkişaf edib və siqnalı daha ucuz və keyfiyyətli formada, elə göyə çıxartmadan yerdən göndərmək sərf edir.
Bu baxımdan, düşünürəm ki, gələcəkdə telekommunikasiyayönümlü deyil, elmi və biznes yönümlü, yerin səthinin öyrənilməsi ilə bağlı, kəşfiyyatyönümlü peyklərə diqqət göstərmək, həm də təklikdə deyil, digər ölkələrlə birgə layihə çərçivəsində iştirak etmək daha doğru olardı. Yəni hərbi-kəşfiyyat, ekoloji, elmi-informasiya sahələrinə yönəlmək lazımdır. Bu gün Google milyardlarla dollar verir ki, müəyyən ərazilərin dəqiq görüntülərini əldə etsin. Belə imkanlardan yararlanmaq lazımdır. Əks halda, qoyulan xərcin bəlli bir müddətdə çıxarılmaması kimi böyük risk qarşıdadır".
Müsahibimiz deyir ki, peyk interneti kifayət qədər baha olduğundan heç kim ondan istifadədə maraqlı olmur: “Bu baxımdan bizim peykin də cüzi bir internet tutumu var ki, ondan da yalnız fövqalədə hallarda istifadə oluna bilər. Yəni peykdən internetin inkişafını gözləmək sadəlövhlükdür. Bildiyim qədər, ”Azərkosmos" öz ofisində istifadə üçün zəruri olan interneti özünün peykindən deyil, Bakıdan Şamaxıyadək olan yol boyu “Aztelekom” və ya “Delta”nın çəkdiyi yeraltı fiber-optikdən alır".