|
Rusiyalı politoloq Qriqori Trofimçuk Ermənistanda əhalinin artıq hər şeyə səs çıxarmadığını və hökumətə məcburiyyətdən haqq qazandırmağa çalışdığını bəyan edib.
Axar.az xəbər verir ki, Trofimçuk bu barədə kinayəli fikirlərini Feysbuk səhifəsində paylaşıb.
“Paşinyan əhalinin həyatını yaxşılaşdırmamaq üçün möhtəşəm fürsət əldə edib. Bu əhali, bu vətəndaş cəmiyyəti o qədər şüurlu olub ki, indi özü-özünə bütün sosial-iqtisadi göstəricilərin pisləşməsini “çar rejiminin ağır mirası”, həmçinin “ bütün xarici borcların ödənməsi məcburiyyəti” ilə izah edir. Necə deyərlər, bizə çörək yox, iş ver. Hər rəhbər belə düşüncəli vətəndaşlara sahib olmaq xoşbəxtliyinə sahib olmur”, – deyə o yazıb.
Qeyd edək ki, bundan öncə “Sputnik Ermənistan"a açıqlamasında Trofimçuk Paşinyanın hakimiyyətdə olduğu müddətdə heç bir uğura imza atmadığını və ölkəni xaosa sürüklədiyini, eləcə də öz tərəfdarlarını itirməyə başladığını bildirib. Trofimçukun bu açıqlamasından sonra sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən ona qarşı müxtəlif təhqirlər və təhdidlər səsləndirilməyə başlanılıb.