|
Oktyabrın 8-də BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsində İranın ABŞ-a qarşı qaldırdığı vəsatət əsasında növbəti dinləmələr başlayıb.
Axar.az xəbər verir ki, İran vəsatət qaldıraraq ABŞ-ı 2 milyard dolları mənimsəməkdə və 1955-ci ildə hər iki dövlət arasında imzalanan iqtisadi əməkdaşlıq və dostluq haqqındakı müqaviləni pozmaqda ittiham edir.
Məhkəmədə ABŞ-ın vəkilləri çıxış edərək, istər İranın 2 milyard dollar vəsaitini qaytarmamaqda, istərsə də İrana qarşı sanksiyalar tətbiq etməkdə haqlı olduqlarını sübut etməyə çalışıblar.
Xatırladaq ki, oktyabrın 4-də keçirilən ilkin dinləmələrdən sonra BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi ABŞ-dan humanitar sahələrə, o cümlədən səhiyyə və əczaçılıq sahələrinə tətbiq etdiyi sanksiyaları aradan qaldırmağı tələb etmişdi. Lakin rəsmi Vaşinqton bəyan etdi ki, Haaqa məhkəməsinin sanksiyaları aradan qaldırmaq haqqında hökm vermək ixtiyarı yoxdur. Çünki ABŞ sanksiyaları tətbiq etməklə milli maraqlarını qoruyur. Milli maraqları qorumaq isə hər bir dövlətin suveren haqqıdır.
BMT-nin Haaqadakı Beynəlxalq Ədalət Məhkəməsi dövlətlər arasındakı mübahisə və münaqişələri həll etmək üçün ən yüksək instansiyalı məhkəmədir. Bu məhkəmənin hökmündən apelyasiyaya şikayəti verilmir və hökmün icrası mütləqdir. Buna baxmayaraq, bu məhkəmə icra strukturuna malik deyil. Bəzi hallarda bir sıra dövlətlər, o cümlədən ABŞ məhkəmənin hökmünü inkar edib və yerinə yetirməyib.