|
ABŞ və Avropa ölkələri istəməsə, Suriyada müharibə başa çatmayacaq.
Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov şənbə günü Qroznıda keçirdiyi mətbuat konfransında deyib. Kadırov bildirib ki, Suriya dövləti və xalqı istəsə də, istəməsə də, müharibənin taleyi ABŞ, İsrail və Avropa dövlətlərinin əlindədir:
“Suriyadakı terrorçuların yiyələri var və onlar terrorçuları lazım olan hər şeylə təmin edirlər. Yoxsa onlar bu vaxta qədər dözə bilməzdilər”
“Suriya hökumətinə qarşı vuruşan dəstələrin hamısı nəzarət altındadır. Geyim, silah, qida – hamısı böyük xərc tələb edir. Əgər saydığım bu dövlətlər öz şeytanlarını evlərinə çağırsalar, Suriyada sülh əldə olunacaq”, - Kadırov bildirib.
Kadırov vurğulayıb ki, Putin Suriyada beynəlxalq qanunlara uyğun olaraq sülhyaratma missiyasını həyata keçirir, amma Qərbin niyyəti başqadır.
O, Suriyada hərbi polisin tərkibində vuruşan çeçenlərin yerli xalqın hörmətini qazandığını da bildirib.
“Onlar yerli xalqın 100 faiz etimadını qazanıb. Ona görə də Suriya xalqı çeçen döyüşçülərə hörmət edir”.
Kadırov əlavə edib ki, Suriyada hərbi polisdə xidmət edən çeçenlər heç bir itki verməyib.