|
Millət vəkili Qənirə Paşayeva Qırıqqala (Kırıkkale) bələdiyyə başqanı Məhmət Sayqılı ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Görüş zamanı millət vəkilinin Qırıqqalada Qarabağ parkı və Azərbaycan Şəhidləri abidəsinin açılması təklifini bələdiyyə başqanı müsbət qarşılayıb.
Deputat Azərbaycanla Türkiyənin bəzi şəhər və bələdiyyələrinin qardaşlaşması məsələsinə də toxunub və Qırıqqalanı Azərbaycan bölgələrindən biri ilə qardaş olaraq görmək istədiyini deyib.
Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, özəlliklə gənc nəsillərə ortaq tarix və mədəniyyətin öyrədilməsi istiqamətində də müzakirələr aparılıb.
Q.Paşayeva eyni zamanda, Qırıqqala valisi İlkər Haqdanqaçmaz ilə də görüşüb.
Millət vəkili Azərbaycanla Qırıqqala arasında əlaqələrin getdikcə daha genişlənməsinin vacibliyini qeyd edib.
Millət vəkili görüşün sonunda Qırıqqala valisini Azərbaycana dəvət edib.