Gürcüstanda yalnız Putin və Trampın obrazları savaşmır, həmçinin Avropa Birliyinin də bu seçkilərdə fəal rolunu görməkdəyik.

Bu sözləri Axar.az-a açıqlamasında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. Millət vəkili Gürcüstanda seçkilərin yalnız daxili hadisə olmadığını və bu ölkənin uzun onillər ərzində beynəlxalq güclərin qarşıdurma meydanı olaraq qalacağını bildirib:

“Əlbəttə, bu, mənfi haldır. Çünki ölkə özlüyündə xarici təsirləri neytrallaşdıra bilməyəndə yalnız milli iradə, seçici rəyi, təkcə partiyaların apardığı mübarizələr, vətəndaşların qayğıları və sosial durumu döyüşmür, əksinə, onun üzərinə gedən savaş daha böyük olur və nəticədə dövlət qeyd etdiyimiz 2-ci mərtəbədəki durumdan asılı vəziyyətə düşür. Həqiqət ondan ibarətdir ki, Gürcüstan həmin zolağın içərisinə 2003-cü ildən düşüb və hazırda da orada qalmaqdadır. Əlbəttə ki, bu məkanı demokratiya adasına çevirərək, onu bütün postsovet məkanı ölkələri üçün nümunəyə döndərməyə görə milyardlar xərclənib. Saakaşvili Şevardnadzeni hakimiyyətdən kənarlaşdıranda hər kəsə bəlli idi ki, burada yalnız bir xalqın sovetizmin mirasını ləğv edərək yerində Qərb tipli dövlət qurmaq istəyi hökmran deyil. Məsələ Corc Buşdan başlayan və sonra Obama dövründə də davam etdirilən demokratiyanın ixracı layihəsidir. O üzdən bu adanı nümunəvi etməli idilər ki, onu görk olaraq nəinki Rusiyaya, həm də Ukrayna, Moldova və digər dövlətlərə göstərsinlər. Eləcə də elə bu bölgə ilə sərhəd olan İrana, Asiya qitəsindəki digər ölkələrə barmaq işarələsinlər ki, bu dəyişikliklərin faydası nədən ibarətdir. Ona görə də Saakaşvili həqiqətən də uğur qazandı. İstər korrupsiyanın cilovlanması, effektiv idarəçilik, məmur sayının vətəndaşlarla mütənasibliyinin təmin olunması, şəffaflıq, hesabatlılıq və s. sahədə inqilabi işlər gördü. O üzdən hətta obrazlı bir yanaşma da mövcud idi ki, Saakaşviliyə olan ehtiram ikinci ölkələrdə daha çoxdur, nəinki Gürcüstanın daxilində. O, iqtidari tərk etməyə məcbur olanda belə mənzərə var idi ki, yeni hakimiyyət qüvvələri onun bütün mirasını darmadağın edəcəkləri təqdirdə Gürcüstanı təkrarən sovet formasiyasına qaytarmış olacaqdılar. O üzdən Bidzina İvanişvili də nə qədər Saakaşvilinin özünü və onun komanda üzvlərini düşmən elan etsə də, onun həyata keçirdiyi bütün tədbirlərin üzərindən xətt çəkmədi. İndi isə Saakaşvilinin kölgəsi, “kabusu” qalib gəlməkdədir”.

Millət vəkili bildirib ki, Gürcüstan seçki məsələsi yalnız Vaşadze və Zurabişvilinin döyüşü ilə bitmir:

“Gürcüstanda yalnız Putin və Trampın obrazları savaşmır, həmçinin Avropa Birliyinin də bu seçkilərdə fəal rolunu görməkdəyik. Ona görə ki, ən azı vizasız gediş-gəliş bərqərar olub və hazırkı hakimiyyətin düşmənləri marixuanalı demokratiya ibarələrindən istifadə edirlər. Zurabişvili də personası o qədər hamar qəbul olunacaq bir sima deyil, bu, yalnız seçki zamanı azərbaycanlılarla əlaqədar ifadələri, öz rəqiblərini Türkiyənin agentləri adlandırması və s. məsələsi də deyil. Zurabişvili daha çox Fransada karyera uğurları əldə edib, o, milli dilini də bilmir və mənşəcə gürcü olmasına baxmayaraq, bir sıra məsələlərdə yad, fərqli mentallığa malikdir. Rəqibləri Zurabişvili ilə əlaqədar məsələlərin hamısını toplu halında çox uğurla istifadə etdilər. Həmçinin bilirsiniz ki, İvanişvilinin hazırkı Gürcüstan Prezidenti Georgi Marqvelaşvili ilə münasibətləri çox pis səviyyəyə gəlib çatıb. O üzdən xalqın bir çox gözləntiləri özünü doğrultmadı. Hamıda belə illuziyalar var idi ki, İvanişvili malik olduğu milyardları xalqa ərmağan edəcək, demokratiyanın üstündə böyük rifaha qovuşan gürcü xalqı meydana çıxacaq. Xəyalların çoxu puç olanda insanlar avtomatik olaraq nostalji hissindən dərhal Saakaşvilini xatırlamağa başladılar. Bu əlbəttə ki, indiki iqtidarın böyük yanlışlarıdır”.

Millət vəkili hesab edir ki, Gürcüstan hazırkı reallıqda böyük bir qeyri-sabitlik zolağına düşə bilər:

“İndiki halda Britaniya şahzadəsi ibarəsi ilə qiymətləndirilən Gürcüstan prezidentliyi məsələsinə gəlincə, Marqvelaşvili səlahiyyətləri həddindən artıq məhdud, yalnız hakimiyyəti təcəssüm etdirən bir simvoldur. Ancaq o biri yandan hamı təhtəlşüurunda dərk edir ki, bu, qarşıdakı seçki mübarizəsinin ən həlledici bir mərhələsidir. Çünki burada mövqelərini itirmək avtomatik olaraq gələcəkdə parlamenti və beləliklə hökuməti itirməklə nəticələnə bilər. Təbii ki, “Rustavi-2”-yə qarşı yürüş və sərt tədbirlər də buradan qaynaqlanır. Əminəm ki, qarşıdakı həftədə mübarizənin qanunsuzluq müstəvisinə yuvarlanması daha da artacaq. Vaşadzenin qalibiyyəti hazırkı reallıqda çox böyükdür, ancaq müxtəlif resurslar onların əleyhinə işlədiləcək”.

Z.Oruc Bidzina İvanişvilinin və onun çevrəsində olan qüvvələrin hakimiyyəti çox sakitliklə əldən verməyəcəyini bildirib:

“Bu, çox vacib bir məsələdir. Çünki “porker” oyunlar müəyyənləşəcək. Vaşadze və onun çevrəsində olan qüvvələr arasındakı ixtilaflar gücləndirilə, yaxud da Saakaşvili ilə bağlı mövqelər dəyişə bilər. Ancaq demokratiyanın hazırkı kövrək xarakterinə görə, vəziyyət elə bir həddə çata bilər ki, Gürcüstan dövlətçiliyi yenidən sınaq qarşısına düşə bilər. Bunu heç vaxt arzulamırıq və Azərbaycana sabit Gürcüstan lazımdır. Ona görə ki, ötən illər ərzində bütün Qərb və avroatlantik məkanla siyasətimiz bu dövlət üzərindən qurulub. Hətta açıq demək lazımdır ki, gürcü dövləti siyasi ayaqda qalmasına görə Azərbaycana borcludur. Ancaq bəzən əks davranışları görməkdəyik və onlar Ermənistanla ixtilafımızdan maksimum dərəcədə bəhrələnməkdədirlər, hətta əleyhimizə mövqe tutmaqdadırlar. İvanişvili də hakimiyyətinin ilk günlərində bunu hiss etdirirdi, ancaq sonradan Azərbaycanla münasibətlərin mütləqliyini, bunun gürcü dövlətçiliyinin varlığı üçün həlledici və əvəzsiz olması reallığını Bakının müdrik davranışları ilə başa düşərək, başqa hərəkətlərə yol vermədi.

Ona görə də əgər müxalif partiyaların birliyi prezident seçkilərində qalib gəlsə belə, Qərbdəki kimi çəkindirmə və balans funksiyasının burada işlək olacağını gözləmək olmaz. Bu, Almaniyada, yaxud başqa ölkələrdə işləyir, sistemdə böhran yaranmır. Ancaq yeni demokratiyalarda - keçmiş postsovet düşərgəsinə daxil olan ölkələrdə bu nəzəriyyə xalqın gözləntilərini uğurla doğrulda bilmir. Ona görə də pafosla dilə gətirilən ilk demokratiya adasında elə hadisələr baş verə bilər ki, yenidən qanlı savaşlar görə bilərik. Bu, xalqın prosesləri nə dərəcədə öz iradəsi altına ala biləcəyindən asılı olacaq. Burada Rusiyanın rolu isə maksimum dərəcədə Saakaşvilinin gəlişini əngəlləməkdən ibarət olacaq. Çünki bu, təkrarən qeyri-sabit Qafqaz, yaxud da onların əleyhinə olan ritorikalı bir fiqurun yenidən uğur qazanması demək olacaq. Bu isə Ermənistandan sonra daha mənfi nəticələr doğurmuş olur və iki dövlətin büsbütün Kremlin orbitindən çıxması avtomatik bu regionda qüvvələr nisbətinin tamamilə Qərbin xeyrinə dəyişməsi demək olar. Bu isə yenə də bölgədə ciddi hadisələrin getməsi, Rusiya yönümlü qüvvələrin təkrar prosesə müdaxiləsi, bəlkə də hərbi vasitələrlə həll edilməsi, yaxud da münaqişə bölgələrində toqquşmalarla meydana çıxa bilər. Qərb isə indi Trampın liderliyi altında bölünmüş bir durumdadır. Avropa Birliyi fərqli bir siyasət aparır. Ağ Evdən tamam ayrı direktivlər verilir. Ona görə “Con Bolton gəldi və sabah hakimiyyət Saakaşvilinin iradəsinə qayıdacaq və bununla da proses bitəcək”, hətta “Paşinyan da dekabrda uduş əldə edəcək” kimi reallıqlar həqiqətən də bu regionu yenidən ağır və sarsıntılı hadisələrin tunelinə çevirir. Azərbaycan isə bunda qətiyyən maraqlı deyil, ölkəmiz daxildə sabit bir sistem qurub. Mənim aləmimdə Qafqazlarda ən güclü iqtidar İlham Əliyevin liderliyi altında məhz Azərbaycandadır. Bu, özlüyündə bölgəyə təhlükəsizlik baxımından müsbət təsir edir, xarici siyasət kursunda mühüm bir nizam yaradır. Bu baxımdan da Azərbaycan nəyisə korreksiya etməli deyil, əksinə qarşı tərəfdən Bakının mövqeyinə uyğun addımlar atılmalıdır. Qərbin isə Rusiya ilə Gürcüstanda davanı nə formada bitirəcəyi artıq gələcəyin söhbətidir”.

25 Noyabr 2024 Rusiya planına Ankara əngəli: "Türklər ərazilərimizi işğaldan qurtardılar"
25 Noyabr 2024 Ukraynalı komandirdən Rusiyaya sərt sözlər - "Yer üzündən silinməlidir..."
25 Noyabr 2024 Mask mümkün üçüncü dünya müharibəsinin risklərindən danışdı
23 Noyabr 2024 Paşinyan: Bakıya qarşı iddiadan da əl çəkəcəyik
23 Noyabr 2024 Türkiyədən İraqa xəbərdarlıq: İraq türkmənlərinin yanındayıq
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu hebs edəcək
23 Noyabr 2024 Daha bir ölkə Netanyahunu həbs edəcək
23 Noyabr 2024 Paşinyan: Bakının tələbəni yerinə yetirməsək dövlətçiliyimiz məhv olacaq
23 Noyabr 2024 Paşinyan saqqalını qırxmasının səbəbini açıqladı: Qızımın istəyidir
23 Noyabr 2024 Putin generalları TƏCİLİ topladı, koreyalılar XARKOVDADIR: HÜCUM hazırlığı...
23 Noyabr 2024 "Bizi ot kimi biçirlər"- Rusiya əsgərləri döyüşdəki vəziyyətlərindən şikayətləndi
23 Noyabr 2024 Paşinyan Poqosyana yüksək vəzifə verdi
23 Noyabr 2024 Almaniyada gizli MÜHARİBƏ PLANI - Rusiyaya qarşı ŞOK TƏHDİD
23 Noyabr 2024 Qorxunc ZƏLZƏLƏ ilə bağlı XƏBƏRDARLIQ! - "7-7.5 bal arası..."
23 Noyabr 2024 Paşinyan: İlin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün hər şeyi edəcəm
23 Noyabr 2024 Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Bu gün son gündür
23 Noyabr 2024 Bayden Üçüncü Dünya Müharibəsini başlatdı: Nüvə savaşı isə tezliklə planeti “alov topu”na çevirəcək
22 Noyabr 2024 Hülusi Akardan dünya müharibəsi xəbərdarlığı: "Bu, zarafat deyil"
22 Noyabr 2024 Almaniya Rusiya ilə müharibəyə hazırlaşır - Bundesverin gizli planı
22 Noyabr 2024 III dünya müharibəsi başlasa Rusiya ilk bu ölkəni vuracaq - Zaxarova

Xəbər lenti