|
İsrailli jurnalist və politoloq Şimon Brimanın Axar.az-a müsahibəsi:
- İsrailin Müdafiə naziri Aviqdor Liberman istefa verdi. Bu, gözlənilən addım idi?
- Libermanın istefası hələ srağagündən gözlənilən idi. O, prinsipial fikirlərinə - sutka ərzində İsrailin cənubundakı şəhərlərə 400-dən artıq raket buraxılmasından sonra hökumətin Qəzza zolağında HƏMAS terrorçuları ilə sülh bağlaması qərarı ilə razılaşmadığı üçün istefaya getdi. Liberman Qəzza zolağındakı terrorçulara şiddətli zərbə endirilməsini təkid edirdi. Bundan əlavə, Liberman özünü Benyamin Netanyahuya qarşı daha qətiyyətli alternativ kimi göstərməklə sağçı elektoratın səsləri uğrunda mübarizədə ilk zərbə endirməyi seçdi. İstənilən halda seçkilər 2019-cu ilin sonunda keçirilməli idi və Liberman sadəcə bunu yarım il tezləşdirdi.
- HƏMAS-ın İsrailə endirdiyi yeni zərbələrin və yeni gərginliyin səbəbi nədir?
- HƏMAS terror qruplaşmasıdır və istənilən terror qruplaşmasının fəaliyyətini proqnozlaşdırmaq mümkün deyil. Bu fəaliyyətin heç bir məntiqi əsası olmur. Əfsuslar olsun ki, bizim kədərli reallığımız dövlətimizin cənubunda İsrailin mövcudluq haqqını qəbul etməyən fanatik, terror qruplaşmasının olmasından ibarətdir. Bu dəfə HƏMAS-ın fəaliyyəti – dinc əhali arasında itkilərə səbəb olan İsrail şəhərlərinin atəşə tutulması - ola bilər ki, İrana və bu terror qruplaşmasının digər sponsorlarına onların əlini-qolunu sallayıb boş oturmadığını, onlara ayrılan bütün imkanlardan istifadə etdiklərini göstərmək arzusundan irəli gəlir.
- İsraildə HƏMAS-ın bombardmanlarına şiddətli cavab verilməsi barədə Libermanın fikirlərini dəstəkləyənlərin sayı nə qədərdir?
- Fikrimcə, Libermanın mövqeyini İsrail vətəndaşlarının yarıdan çoxu, xüsusən Qəzza sektorundan raket hücumlarından əziyyət çəkən ölkənin cənub hissəsinin sakinləri dəstəkləyir. Bir çox ekspert və politoloqun rəyinə görə, müdafiə naziri postundan istefa vermək qərarı Libermana çox ciddi elektoral uğur gətirəcək. Əgər parlament seçkiləri yaxın 3 ay ərzində keçirilsə, o zaman Bizim Evimiz İsrail Partiyası yeni səslər qazanmaqla özünün elektoral bazasını əhəmiyyətli dərəcədə artıra bilər.
- Libermanın bundan sonra karyerası necə olacaq? İsrailin yeni müdafiə naziri kim ola bilər?
- Aydın məsələdir ki, Liberman mümkün qədər çox mandat əldə etmək üçün öz partiyasını yeni parlament seçkilərinə hazırlayacaq. Mən heç də ekspertlərin proqnozlarının özünü doğruldacağını, Mənim Evim İsrail Partiyasının seçki nəticələrinə əsasən göstəricilərini yaxşılaşdıracağını istisna etmirəm. Hadisələrin belə bir inkişafı nəticəsində Liberman yenidən müdafiə naziri ola bilər. Müdafiə Nazirliyinə kimin rəhbərlik edəcəyi məsələsinə gəldikdə isə Netanyahu bu postu özündə saxlaya da, koalisiyadakı başqa partiya nümayəndəsinə verə də bilər. Mən isə hələ də Netanyahunun baş nazir səlahiyyətləri ilə birgə müdafiə naziri səlahiyyətlərini də icra edəcəyi fikrinə inanıram.
- Hadisələr bundan sonra necə inkişaf edəcək? HƏMAS tərəfindən yeni hücumlar, teraktlarla bağlı təhlükə varmı?
- Yuxarıda qeyd etdiyim kimi, terrorçuların məntiqini proqnozlaşdırmaq və izah etmək çətindir. HƏMAS terror qruplaşmasının tərəfdarları İsrail və Misirlə sərhəddə yaşayan 1.5 milyon üzərində hakimiyyəti ələ keçiriblər. Onlar bizim ölkəmizə qarşı raket hücumlarını özləri üçün əhəmiyyətli hesab etdikləri istənilən səbəbə görə bərpa edə bilərlər. Onlar həmçinin İsrail ərazisində terakt törətməyə cəhdlər də edə bilərlər. Onlar üçün insan həyatının önəmi yoxdur. Bu, İsrailin hər gün mübarizə aparmağa məcbur olduğu dəhşətli reallıqdır.
- Dünya ictimaiyyətinin HƏMAS-ın bu fəaliyyətlərinə bir qədər ləng reaksiya verməsi fikri ilə razısınız?
- Dünya ictimaiyyətinin bu mövqeyi bizi qəzəbləndirsə də, təəccübləndirmir. Beynəlxalq ictimaiyyət Qəzza sektoru sakinlərinin əzablarının onun vecinə belə olmadığını göstərir. Qərb mətbuatının abırsızlığı CNN və BBC kimi böyük telekanalların aparıcılarının “HƏMAS-ın İsrail şəhərlərinə endirdiyi zərbələr zamanı ölənlərin sayının İsrailin terrorçuların mövqelərinə endirdiyi cavab zərbələri zamanı ölənlərin sayından az olması ədalətsizlikdir” kimi bir ifadəni səsləndirməsində özünü göstərir. Bir çox aparıcı Qərb kütləvi informasiya vasitəsinin əsl üzü belədir. Bizi bununla təəccübləndirə bilməzlər. Biz İsrailin sadəcə özünə arxayın ola biləcəyi fikrinə artıq öyrəşmişik.