|
Böyük Britaniya hökuməti Breksitin şərtləri ilə bağlı Avropa İttifaqı ilə əldə edilən razılaşmanı təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Mey Nazirlər Kabinetinin üzvləri ilə görüşündən sonra mediaya məlumat verib.
“Qərar asanlıqla qəbul edilmədi. Lakin hökumət bəyanat layihəsini və siyasi deklarasiyanı dəstəkləmək qərarını verdi”, - deyə Mey bildirib.
Qeyd edək ki, dünən Brüsseldə Britaniya ilə Aİ arasında ayrılma şərtlərini müəyyənləşdirən müqavilənin müddəaları ilə bağlı texniki səviyyədə razılaşma əldə edilmişdi. Çərşənbə günü layihənin razılaşdırılması məqsədilə hökumət üzvlərinin iştirakı ilə keçirilən müşavirə 5 saatdan çox davam edib.
Növbəti prosedurda isə sənəd parlament tərəfindən nəzərdən keçirilməlidir və bu heç də sadə proses olmayacaq.
Əgər uğurlu nəticə əldə edilərsə, sənəd üzrə sonuncu səsvermə dekabr ayında baş tutacaq.