Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...

İsrail baş nazirinin səfərinin təxirə salınmasında hansı faktor əsas rol oynadı? - iki rəy

Mayın 7-də İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri təxirə salındı. İsrail Baş naziri ofisinin yaydığı məlumatda deyilir ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.

Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib. Səfər ərəfəsində isə məlum oldu ki, Türkiyə B.Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanından istifadə etməsinə icazə verməyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlamasında deyib.

“İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb”, - deyə diplomat bildirib.

Ötən ilin noyabrında Ankara İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməmişdi. Bu mövqe isə Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Bəs qardaş ölkə rəsmiləri mediada yazılanlara niyə gec reaksiya verdi? Netanyahunun Bakı ziyarətinin təxirə salınması sırf siyasi, yoxsa meteoroloji səbəblərdən qaynaqlanır? İzahatda səfərin ertələnməsinin daha bir səbəbi kimi “təhlükəsizlik tədbirləri” göstərilir. Söhbət hansı təhlükədən gedir?

Bəzi məlumatlara görə, Netanyahunun səfər protokolları qüvvədədir. Yəni “gəlməyəcək” deyilsə də, qarşılanma protokolları qüvvədədir. Bu, nə deməkdir?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Benyamin Netanyahunun səfərinin təxirə salınması, böyük ehtimalla, tamamilə siyasi motivlərlə bağlıdır: “İsrail tərəfi səfərin ertələnməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Bu təhlükəsizlik məsələlərinin konkret nə ilə bağlı olduğunu müəyyən etmək çətindir, amma ehtimal olunur ki, səfərin təxirə salınmasına regional gərginlik səbəb olub.

Meteoroloji səbəblər isə ehtimal olunmur. Çünki müasir dövrdə belə yüksək səviyyəli səfərlərin hava şəraiti ilə bağlı olması inandırıcı deyil. Netanyahunun səfər protokollarının hələ də qüvvədə olması onun Bakıya gəlmək niyyətinin dəyişmədiyini göstərir. Çox güman ki, səfərin tarixi təxirə salınıb. Bu, səfərin bir müddət sonra baş tutacağına dair bir işarə ola bilər və həmçinin İsrail baş nazirinin səfəri yenidən planlaşdırmaq niyyətində olduğunu göstərə bilər. Səfərin təxirə salınması ilə bağlı izahat, zənnimcə, Azərbaycana yönəlik mesajdır. Ola bilsin ki, İsrail tərəfi səfərin təxirə salınmasının Azərbaycanla bağlı olmadığını bu üslubda vurğulamaq istəyib".

Deputatın sözlərinə görə, səfərin təxirə salınmasında Türkiyə ilə İsrail arasında yaranmış son gərginlik də rol oynaya bilər: “Ola bilsin ki, cənab Ərdoğanın ölkəmizə səfəri çərçivəsində onun Netanyahu ilə görüşü nəzərdə tutulubmuş. Lakin Suriyada iki ölkə arasında yaranmış gərginliyin son günlər daha da dərinləşməsi hazırda belə bir görüşün baş tutmasının arzuolunmaz hesab edilməsinə zəmin yaradıb və rəsmi Ankara diplomatik kanallarla bu barədə mövqeyini digər tərəfin diqqətinə çatdırıb. Bütün hallarda ortalıqda yalnız ehtimallar var”.

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə Globalinfo.az-a deyib ki, Neftanyahunun səfərinin müvəqqəti təxirə salınması bir neçə səbəblə əlaqəlidir və bu, yalnız Qəzza və Suriyadakı vəziyyətlə məhdudlaşmır: “Doğrudur, bu bölgələrdə vəziyyət olduqca gərgindir. Xüsusilə də Suriyada son günlərdə durum kritik həddə çatıb. Druzların hökumətə qarşı etirazları İsrail tərəfindən dəstəklənir və faktiki olaraq bu proseslər İsrailin təsiri altındadır. İsrailin Suriyaya dair əsas strategiyası bu ölkədə mərkəzi hakimiyyətin formalaşmasının qarşısını almaq və mümkün olan hakimiyyətin İsrail üçün təhdid yaratmamasını təmin etməkdir. İsrail Suriyanın müdafiə qabiliyyətini minimum səviyyəyə salmağa çalışır. Səfərin təxirə salınmasının digər səbəbləri də ola bilər. Ehtimal olunurdu ki, onun Bakıya səfəri zamanı Türkiyə Prezidenti ilə də görüş baş tuta bilər. Bir müddət əvvəl İsrail və Türkiyə rəsmilərinin Bakıda qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin Suriyada baş verən son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib. Türkiyə Suriyanın unitar dövlət kimi qalmasını, yəni mərkəzi hakimiyyətin güclənməsini dəstəkləyir. İsrail isə əksinə, zəif və federal quruluşa malik Suriyanın olmasında maraqlıdır. Suriyada son həftələrdəki böhran da Neftanyahunun səfərinə təsir göstərib. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin Netanyahuya məxsus təyyarənin Türkiyə hava məkanından keçməsi ilə bağlı rəsmi qərarın olmadığını bildirməsi də müəyyən ipucu verir. Digər tərəfdən, İran və ABŞ arasında danışıqlarda fasilə yaranıb. ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiq edib və bu, dialoqun növbəti raundunun baş tutmamasına səbəb olub. Bu da Neftanyahunun səfərinə təsir edən mümkün amillərdəndir. Nəhayət, digər bir səbəb də 9 may tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak məsələsi ola bilər. Azərbaycan Prezidenti və İsrail baş naziri bu tədbirə dəvət olunublar. Onların iştirak edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək”.

06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi
06 May 2025 Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti
06 May 2025 Ermənistanda Paşinyanın impiçmenti tələb olunur
05 May 2025 Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə
05 May 2025 Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma
05 May 2025 Tramp: Putinin istəyi budur, mən olmasaydım...
05 May 2025 Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"
05 May 2025 "8 il prezident olacağam" - Tramp
03 May 2025 Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır
03 May 2025 ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?
02 May 2025 Xəzər sahilində sensasion görüş iddiası - 10 mayda nə olacaq?
02 May 2025 Kreml Paşinyanı növbədənkənar seçkiyə məcbur edir
02 May 2025 ABŞ Moskva və Kiyev danışıqlarından imtina edir - RƏSMİ
02 May 2025 Suriya ordusu yola çıxdı: İsrail-Suriya müharibəsi...
02 May 2025 Rusiya-Ukrayna müharibəsi ilə bağlı ŞOK AÇIQLAMA
02 May 2025 İsrail Dəməşqdə prezident sarayının yaxınlığını vurdu - Netanyahu açıqladı
02 May 2025 Tramp ən yaxın adamının üstündən xətt çəkdi
02 May 2025 Ağ Ev: Ukraynadakı müharibə tezliklə bitməyəcək
02 May 2025 Şimali Kipr Türk Cümhuriyyətinin adı dəyişdirilə bilər

Xəbər lenti