|
Avropa Birliyi yaxın iki ildə 2500 nəfərlik qrupun iştirakı ilə əməliyyatların idarə edilməsi üçün Brüsseldə vahid qərargah yaratmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Baş diplomatı Federika Moqerini deyib.
“Biz Brüsseldə hərbi planlaşdırma strukturlarının gücləndirilməsi barədə qərar qəbul etdik. Bu qərara əsasən, bu strukturlar təkcə təlim missiyalarımıza deyil, o həm də 2500 nəfərlik böyük miqyaslı əməliyyatların Brüsseldəki qərargahdan idarə edilməsinə görə məsuliyyət daşıyacaq. Bu, irəliyə doğru böyük addımdır”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron Avropa ordusunun yaradılmasını təklif edib. Fransa prezidentinin bu təklifi bir sıra Avropa dövlətləri tərəfindən dəstəklənib. Parisin təklifinə qarşı ABŞ və Britaniya çıxıb.