|
Azərbaycan səs hüququ olmadan, daha çox əməkdaşlıq konteksində KTMT ilə gələcək münasibətləri tənzimləyə bilər.
Bu istiqamətdə müəyyən addımlar artıq atılmaqdadır.
Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Elman Nəsirov deyib. O bildirib ki, noyabr ayının 8-də Qazaxıstanın paytaxtında KTMT-nin sammiti çərçivəsində qəbul edilən sənədlərdən əsas diqqəti cəlb edəni yeni tərəfdaşlıq və müşahidəçilik statusunun təyin edilməsi barədə qərar oldu:
“Bu məsələlərə təşkilat çərçivəsində aydınlıq gətirildi. İndiyə qədər bu cür institutun yaradılması ilə bağlı təşəbbüslərin Ermənistan əleyhdarı idi. Yenə də əleyhdarıdır. İlk növbədə Rusiyanın niyyəti bu təşkilatda Azərbaycanın müşahidəçi, tərəfdaş ölkə kimi görməkdir. Əsas hədəflərdən biri budur. Rusiya ümumiyyətlə, eyni statusda Serbiya, Özbəkistan, Moldovanı da görmək istədiyini gizlətmir. Amma əsas məqsəd regionun ən güclü dövləti olan Azərbaycanın bu qurumla əməkdaşlıq formatının tapılmasıdır. Bu nöqteyi-nəzərdən müşahidəçilik və tərəfdaşlıq statusu kifayət qədər cəlbedici məsələdir”.
Millət vəkili qeyd edib ki, Ermənistan bu məsələlərdə fərqli mövqedə dayanır:
“Ermənistan çox gözəl dərk edir ki, Azərbaycan bu təşkilatın üzvü olmasa da, təşkilata üzv dövlətlərin ölkəmizlə daha sıx münasibəti var. Elə təşkilat çərçivəsində də Ermənistan küncə sıxılmış vəziyyətdədir. Təşkilatın baş katibi vəzifəsinə Ermənistan nümayəndəsinin seçilməsindən imtina edilməsi də bunu bir daha təsdiq edir. Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa səfəri bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Belarus münasibətləri ən yüksək səviyyədədir. Belarus-Ermənistan münasibətlərində isə böhran yaşanmaqdadır”.
Millət vəkilinin sözlərinə görə, Ermənistanın indiyə qədər bu prosesə mane olmasının əsas istinad nöqtəsi təşkilat çərçivəsində konsensus prinsipinin mövcud olması idi:
“Yəni 6 dövlətdən hər hansı biri bu və ya digər qərarın qəbul edilməsi ilə bağlı “yox” desəydi, qərar qəbul edilmirdi. Bu, Ermənistanın əlində çox təsirli bir rıçaq idi. İndiki halda isə təşkilatın nizamnaməsində dəyişiklik edildi. Yeni nizamnaməyə görə, bu və ya digər qərarın qəbul edilməsi üçün konsensus prinsipi qüvvədən düşmüş hesab edilir. Azərbaycanın perspektivdə bu təşkilata müşahidəçi və tərəfdaş kimi statusunun müəyyən edilməsi məsələsinin gündəmə gələcəyi təqdirdə 5/1-ə nisbəti formalaşa bilər. Beləliklə, bu nisbət Ermənistanın biabırçı məğlubiyyətinin ortaya çıxmasına səbəb olacaq”.
Millət vəkili vurğulayıb ki, Azərbaycanın bu təşkilata üzvlüklə bağlı qərarı və həvəsi yoxdur:
“Digər tərəfdən, Azərbaycan həm də Qoşulmama Hərəkatının üzvüdür. Gələn ildən 3 il ərzində ölkəmiz bu təşkilata sədrlik edəcək. Yəni Qoşulmama Hərəkatının üzvü olan dövlətin bu və ya digər hərbi bloka daxil olması məqbul deyil. Ancaq müşahidəçiliyin problemi yoxdur və Azərbaycanın hətta bu təşkilatda müşahidəçilik statusunun özü də Ermənistanı vahiməyə salmağa bəs edir. Ümumiyyətlə, təşkilatda nə müşahidəçilik, nə tərəfdaşlıq, nə də üzvlüyü olmayan Azərbaycanın təşkilat çərçivəsindəki ölkələrlə çox inkişaf etmiş münasibətləri Ermənistanı narahat edir. Bunu Ermənistanın baş nazir vəzifəsini icra edən Paşinyan da etiraf edir. Reallıq belədir. İndiki halda Azərbaycanın KTMT ilə müşahidəçi və tərəfdaş statuslu əməkdaşlığının yaranması Bakının qurum çərçivəsində də mövqelərinin daha da möhkəmlənməsinə, eyni zamanda Ermənistana təsir və təzyiq imkanlarımızın daha da genişlənməsini gətirib çıxarar”.