|
Ermənistanın İstintaq Komitəsi ölkənin ali, orta ixtisas və ümumtəhsil məktəblərində aparılan yoxlamaların nəticələrini açıqlayıb.
Axar.az xəbər verir ki, aparılan yoxlamalar zamanı cari ilin yanvar-noyabr aylarında təhsil müəssisələrində dövlət büdcəsindən ayrılan 81 min 600 dollar vəsaitin mənimsənildiyi aşkar olunub.
İstintaq Komitəsi mətbuat xidmətinin məlumatına görə, korrupsiya faktları ilə əlaqədar ümumtəhsil məktəblərində 15, məktəbəqədər təhsil müəssisələrində isə 98 mənimsəmə faktı ilə bağlı cinayət işi qaldırılıb. Bundan başqa, 8 ali məktəbdə dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı istintaqın nəticələri prokurorluq orqanlarına göndərilib. Daha 75 cinayət işi ilə əlaqədar istintaq davam etdirilir.
Məlumatda daha sonra qeyd olunur ki, təhsil sektorunda işləyən 40 nəfərdən ölkəni tək etməmək haqqında iltizam alınıb, həbs olunan 1 nəfər isə girov müqabilində azadlığa buraxılıb. İstintaqa 20 məktəb direktoru, 1 direktor müavini, 1 prorektor və 14 müəllim cəlb olunub. Mənimsənilən vəsaitin 35 min dolları büdcəyə qaytarılıb.