|
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində dekabrın 6-da MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib. Tədbirdə bir sıra mühüm məsələlər müzakirə edilib, o cümlədən İlham Əliyev ilə Nikol Paşinyanın söhbəti olub. Azərbaycan Prezidenti təklif edib ki, hər iki tərəfdə saxlanılan şəxslər “hamının hamıya” prinsipi üzrə dəyişdirilsin. Öncəki zamanlarda olduğu kimi, Ermənistan rəhbərliyi bunu müxtəlif uydurma bəhanələrlə qəbul etməyib. Azərbaycanın dövlət başçısının Kəlbəcərdə Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülən iki azərbaycanlının da dəyişdirilməsi məsələsini qaldırması ekspertlər tərəfindən humanizm və pinsipiallığın nümunəsi kimi qiymətləndirilib. Müzakirə göstərdi ki, Azərbaycan həmişəki kimi ədalətli və barışcıl mövqedə, Ermənistan isə təcavüzkar və şovinist mövqedədir. Maraqlıdır ki, MDB dövlət başçıları N.Paşinyana elə də diqqət ayırmayıblar. Bunun fonunda ekspertlərin diqqətini İlham Əliyevə olan isti münasibət və böyük hörmət çəkib. Onlar belə münasibətin təsadüfi olmadığı qənaətindədirlər. Məsələyə geosiyasi faktorları nəzərə almaqla daha geniş aspektdə təhlili yanaşmağa ehtiyac vardır.
Çevik və praqmatik siyasət: Azərbaycan Prezidentinin növbəti qələbəsi
Müasir siyasət çox dinamikdir. Hadisələr sürətlə dəyişir və maraqlar da yenilənə bilər. Siyasi lider çevik və praqmatik fəaliyyəti ilə bu kimi məqamlarda vəziyyəti öz xeyrinə dəyişə bilər. Əgər siyasi kurs müasir tələblərə cavab vermirsə və ədalət prinsipinə dayanmırsa, fiasko qaçılmazdır. Azərbaycan Prezidenti İlham Əliyev çevik və praqmatik siyasətçi nümunəsidirsə, Nikol Paşinyan bunun tam əksidir.
Həmin tezis MDB dövlət başçılarının görüşündə özünü bir daha təsdiqlədi. Azərbaycanın dövlət başçısı xüsusi hörmət və diqqətlə qarşılandı, onunla çox yaxın və dostanə müzakirələr aparıldı, N.Paşinyan isə problemlər və intriqalar içərisində pərişan qalmışdı. Bu reallığın kökü, əslində, bir neçə il bundan öncə qoyulub. Azərbaycan xarici siyasətində dinamikanı və tarazlığı daim gözləyib. Bununla yanaşı, ədalət prinsipi rəsmi Bakı üçün prioritet olub. Dövlətin maraqları həmişə öndə tutulub.
Bunlara dövlət quruculuğunda özünü göstərən geniş islahatları da əlavə etmək gərəkdir. Azərbaycan Cənubi Qafqazda iqtisadi qüdrətini daim artıran və bütün istiqamətlərdə milli dövlətçiliyi inkişaf etdirən lider ölkəyə çevrilib. Daxili və xarici siyasətin bir-birini tamamlaması Azərbaycanı dünyada etibarlı tərəfdaş kimi tanıdıb.
Enerji sahəsində aparılan siyasət bir sıra beynəlxalq layihələrdə ölkənin fəal iştirakını təmin edib. İndi Azərbaycan Qərbin enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətlərdən biridir. Eyni zamanda, ölkə Rusiya, Çin və İran kimi böyük dövlətlərlə də sıx əməkdaşlıq edir. Azərbaycan Şərq-Qərb dəhlizi ilə yanaşı, Şimal-Cənub və Cənub-Qərb dəhlizlərinin də keçdiyi məkandır. Bu balanslı siyasəti ilə rəsmi Bakı dünyada böyük nüfuz sahibi olub.
Məhz buna görədir ki, Azərbaycan Prezidentini həm Qərbdə, beynəlxalq təşkilatlarda, həm də MDB məkanında böyük hörmətlə qarşılayır, onunla əməkdaşlığa ciddi diqqət yetirirlər. Burada bir məqamı da vurğulamaq lazımdır. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın tutduğu mövqenin ədalətliliyini, sivilliyini və əməkdaşlığa yönəlik məzmununu nəzərdə tuturuq.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, öncədən Azərbaycan münaqişənin həllinə vahid və dəyişməz mövqedən yanaşır. Burada ölkənin ərazi bütövlüyünün bərpası, insanların öz yurdlarına qaytarılması və Dağlıq Qarabağda status-kvonun dəyişməsi ayrıca yer tutur. Həmin məqsədə çatmaq üçün isə əsasən danışıqlar yolu seçilib. Ancaq təcavüzkar konstruktiv mövqeyə gəlməsə, Azərbaycan hərbi əməliyyatlara da əl ata bilər. Bu prinsiplər Azərbaycan tərəfindən daim ifadə edilir. Ona görə də münaqişənin həlli məsələsində də Bakı düşünülmüş, ədalətli və obyektiv mövqeyə malik tərəf kimi qəbul edilir.
Eyni fikri Ermənistan rəhbərliyi haqqında demək olmur. Çünki təcavüzkar niyyətindən əl çəkmədiyinə görə, bu ölkə müxtəlif bəhanələrlə bəzən bir-birinə zidd olan tələblər irəli sürür. Açıq görünür ki, erməni iqtidarı ədaləti deyil, işğalı müdafiə edir və nəyin bahasına olursa-olsun, zəbt etdiyi torpaqları mənimsəməyə çalışır. Bunu dünyanın bütün ayıq siyasi liderləri görür və getdikcə daha açıq şəkildə təpki göstərirlər.
Ermənistan rəhbərliyi şokda: qərəzli siyasətin fəsadları
Bu baxımdan Nikol Paşinyan danışıqlarda Dağlıq Qarabağ separatçılarının iştirakı ilə bağlı tələb irəli sürəndə, heç qəbul edilmədi. Ona xatırladıldı ki, həmin məsələ çoxdan müzakirə olunub və konkret qərar qəbul edilib. Deməli, faktiki olaraq, Ermənistan rəhbərliyinə xatırladılıb ki, münaqişə ilə bağlı qeyri-ardıcıl siyasət yeridir və bu da etibarsızlıq yaradır. ATƏT-in Minsk qrupunun da Ermənistana etibarı getdikcə azalır.
Bu kontekstdə N.Paşinyanın qeyri-çevik siyasətinin əlamətlərindən biri kimi Rusiya, Belarus və Qazaxıstanla münasibətlərini beynəlxalq hüquq çərçivəsində inkişaf etdirə bilməməsini ayrıca vurğulamaq gərəkdir. Əslində, Sankt-Peterburq sammitində Ermənistanın aciz duruma düşməsinin kökündə bu məqam dayanır. Rəsmi İrəvan eyni təşkilatda təmsil olunduğu bu üç ölkə ilə münasibətlərini eqoizm və şovinizm prinsipləri üzrə inkişaf etdirməyə cəhd göstərdi. Konkret olaraq o, Belarus və Rusiyanı Azərbaycanla əməkdaşlığı dərinləşdirməkdə ittiham etməklə silah satışını yalnız Ermənistanla aparmalarını tələb etdi. Ermənistan nümayəndəsinə elə gəldi ki, özü ilə yanaşı, eyni təşkilatda olduğu digər dövlətləri də təcavüzkarlıq müstəvisinə çəkə biləcək.
Qazaxıstanı isə türk faktoruna görə günahlandırmağa çalışdı. Guya Astana türk dövləti kimi başqa türk dövləti olan Azərbaycanın tərəfini saxlayır. Lakin Belarus kimi, Qazaxıstan da MDB-yə üzv olan bütün dövlətlərlə bərabərhüquqlu əməkdaşlığın tərəfdarı kimi çıxış edir. Bundan başqa, Minsk ilə Astana İrəvanın yersiz şıltaqlıqları ilə razılaşmağa borclu deyillər. Rusiyaya gəldikdə isə vəziyyət daha qəlizdir.
Rusiya dünyanın ən güclü ölkələrindən biridir. Onun hər bir dövlətlə əməkdaşlığı ola bilər. Rusiya qonşu və dost Azərbaycanla niyə düşmən olmalıdır? Yalnız ona görə ki, Ermənistanla Rusiya strateji tərəfdaşdırlar? Axı, müasir dünyada qloballaşma bütün ölkələri bir-birinə yaxın edir. Bundan başqa, Azərbaycan regionun ən güclü və potensiallı ölkəsidir, onun Rusiyaya münasibəti isə yaxşıdır. O cümlədən iki ölkə arasında tarixən olan hərbi əməkdaşlıq müasir şəraitdə də çox gərəklidir.
Digər tərəfdən, Ermənistan Qərblə yaxınlaşır və Rusiyanın maraqlarına zidd addımlar atır. Bunu Kreml çox gözəl görür. Təbii ki, Moskva bu cür oyunlara laqeyd qala bilməz. Bunlar Ermənistan-Rusiya münasibətlərini mürəkkəbləşdirir və İrəvan bunun acılarını yaşamağa başlayıb.
Ermənistanın səmərəsiz xarici siyasətinin fonunda Azərbaycan düşünülmüş surətdə İrəvanın təcrid olunması siyasətini yeridir. Artıq Ermənistan üçün rahat nəfəs ala biləcəyi beynəlxalq mühit mövcud deyil. Onun hətta daxil olduğu beynəlxalq qurumlarda (daha çox Aİİ və KTMT-də) ikinci dərəcəli subyekt kimi qəbul edirlər. KTMT-yə sədrlik məsələsi Ermənistanın əlindən alındı. Sankt-Peterburqda N.Paşinyana əsl yerini göstərdilər. V.Putinin bir tərəfində İlham Əliyev, o biri tərəfində isə A.Lukaşenko əyləşmişdi. N.Nazarbayev də onlarla birgə idi. N.Paşinyanın yeri isə küncdə idi. Ona məhz mühafizəçilərin sırasında “yer” verilməsi Putinin mesajı kimi dəyərləndirilir.
Bunlar onu təsdiqləyir ki, Azərbaycan Prezidentinin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirakının uğurlu olması, əslində, uzun illərin gərgin siyasi fəaliyyətinin nəticəsidir. İlham Əliyev öz nüfuzunu və şəxsi etibarlılığını daim artırır, Ermənistan rəhbərliyi isə daha çox itirir. MDB liderlərinin sammitində baş verən proseslər bunun konkret təsdiqi oldu.
Belə çıxır ki, Azərbaycan rəhbərliyi xarici siyasətdə elə bir zirvəyə çatıb ki, artıq buradan daha çox uğurlar gətirə biləcək mövqelərə çıxmaq mümkün olacaq. Ermənistan isə özünə qazdığı quyunun daha dərin qatlarına yuvarlanmaqdadır. Şübhəsiz ki, bu proses yaxın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ilə yekunlaşacaq. Sankt-Peterburq görüşü bunun üçün yaxşı imkanların açıldığını nümayiş etdirdi.
Azərbaycan Qərb istiqamətində də çox uğurlu siyasət apardığından, MDB çərçivəsindəki fəaliyyəti heç bir maneə törətmir. Əksinə, Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, siyasətdə və geosiyasi proseslərdə balansı gözləyə bilir. Deməli, Azərbaycan daha böyük nailiyyətlər üçün tam hazırdır. Dövlətimiz yeni zirvələri fəth etməkdədir.