|
İyulun 15-də “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının baş direktorun müavini Sun Suyudenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Yol-xeber.az” xəbər verir ki, görüşdə son aylarda Orta Dəhliz üzrə yükdaşımaların artırılması məqsədilə hər iki ölkənin dəmir yolları, həmçinin liman və logistika şirkətləri arasında keçirilən intensiv görüşlərin əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, iyulun 3-də Astana şəhərində keçirilmiş Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində Azərbaycan və Çin arasında imzalanmış "Birgə Bəyannamə" ilə beynəlxalq nəqliyyat dəhlizlərinin fasiləsiz fəaliyyətinin təmin edilməsi və tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması baxımından əməkdaşlıq daha da gücləndiriləcək.
Çin tərəfi Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir yolları arasında Orta Dəhlizin inkişafı üzrə yaradılmış "Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmaq niyyətini bildirib.
Eyni zamanda Orta Dəhlizin rəqabətqabiliyyətinin artırılması, o cümlədən daha çox konteyner qatarının cəlb olunması üçün Azərbaycan üzrə dəmiryol nəqliyyatı ilə tranzit daşımalara subsidiyaların ayrılması, elecə də Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından daha geniş istifadə olunması müzakirə olunub.
Görüşdə, həmçinin Orta Dəhlizlə keçən yüklərin çatdırılma müddətinin səmərəliliyinin və operativliyinin artırılması üçün blok qatarların tərkibində olan yüklər haqqında qısa deklarasiyanın təqdim edilməsi və gömrük nəzarəti zamanı yük sənədlərinin formalaşdırılma vaxtının sürətləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.