|
Yol-xeber.az" xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov ikiqat Paralimpiya çempionu Orxan Aslanovla görüşüb.
Saleh Məmmədov Orxan Aslanovun Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibəti ilə onu təbrik edib, idmançımıza yüksək nailiyyətlər və yeni uğurlar arzulayıb.
Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idman sahəsinə və idmançılara göstərdiyi diqqət və qayğı sayəsində Azərbaycanın gündən-günə öz uğurlarını artıraraq idman ölkəsi kimi öz adını güclü dövlətlər sırasına yazdırdığını vurğulayan Saleh Məmmədov, idmanın Azərbaycanda prioritet sahələrdən biri olduğunu, idmançılarımızın beynəlxalq yarışlarda böyük nailiyyətlər qazandığını bildirib.
Orxan Aslanov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib, gələcək yarışlarda da yeni qələbələr qazanmaq, Azərbaycan bayrağını ucalarda dalğalandırmaq üçün bütün gücü ilə çalışacağını bildirib.
Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda qızıl medal qazanan Orxan Aslanov 7,29 metr nəticə ilə çempion olub. Bu Orxanın paralimpiya oyunlarında 2-ci qızıl medalıdır. Belə ki, idmançımız Tokio-2020 Yay Paralimpiya Oyunlarında da qızıl medal qazanıb.
Qeyd edək ki, Orxanın atası Əlövsət Aslanov Agentliyin “18 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin baş mexaniki vəzifəsində çalışır.