Təbrizin “Traktor” futbol komandasına transfer edilən Məsud Şucayi İnstaqram səhifəsində paylaşım edib.

 

Axar.az xəbər verir ki, futbolçu türk və fars dilində etdiyi paylaşımında Azərbaycan komandasına qoşulmasından dolayı sevincini dilə gətirib. O, hər kəsi birgə olmağa səsləyib:

“Əziz və hörmətli azərbaycanlı həmvətənlərimi salamlayıram. Məni qarşılamaq üçün Təbrizin hava limanına gəldiyinizə görə sizə səmimi qəlbdən təşəkkür edir, “ayaqlarınız ağrımasın” deyirəm. Səhənd və Savalan diyarı məni xidmət etməyə qəbul etdiyi üçün çox sevinirəm. Hədəfimiz gün kimi aydındır. Tək əldən səs çıxmaz. “Traktor”un şərəfli qırmızı bayrağının ucalarda dalğalanması üçün hamımız (məsullar, məşqçilər, oyunçular, komanda tərəfdarları) əl-ələ verməliyik. Yaşasın Azərbaycan”.

O, “Sən çağırsan gələrəm mən – Sən yaşa Azərbaycan” şüarı ilə mətnini yekunlaşdırıb.

Qeyd edək ki, Şiraz şəhərində dünyaya göz açan M.Şucayi Qaşqay türklərindəndir. İspaniyanın “Osasuna” komandasının keçmiş oyunçusu ötən həftə “Traktor” klubuna transfer edilib.

Xəbər lenti