|
İran Futbol Federasiyasının İnzibati Komitəsi 18-ci super liqa yarışlarının 3-cü həftəsində Təbrizin “Traktor” və Tehranın “İstiqlal” komandalarının görüşündə baş verən hadisələrlə bağlı hökm çıxarıb.
Axar.az xəbər verir ki, hökmdə tərəfdarlarının irqçiliyə yol verdiyi “İstiqlal” klubu deyil, Azərbaycanın “Traktor” klubu cəzalandırılıb.
Futbol Federasiyasının rəsmi saytında yayılan məlumata görə, “İstiqlal” klubu, tərəfdarlarının rəqib komandanın tərəfdarlarını daşa tutduğuna və onların ünvanına söyüşlər səsləndirdiyinə görə yalnız 10 milyon tümən cərimə ödəməlidir. “Traktor” klubu isə tərəfdarları oturacaqları qırdığına, pilləkanları təxrib etdiyinə və söyüş səsləndirdiyinə görə 20 milyon tümən cərimə ödəyəcək. Bundan əlavə tərəfdarları sözdə stadionun müxtəlif təchizatlarını təxrib etdiyi üçün 42 milyon 815 min tümən məbləğində vəsait ödəməlidir.
Qeyd edək ki, avqustun 10-u baş tutan görüş zamanı “İstiqlal” komandasının tərəfdarlarının “ölüm olsun türkə” şüarı qıcıq yaratmış, Azərbaycan komandasının tərəfdarları daşa tutulmuş, onların ünvanına müxtəlif söyüş və şüarlar səsləndirilmişdi.