|
UEFA Millətlər Liqasında II tura üçüncü oyun günündə 4 liqada 7 görüşlə yekun vurulub.
Report xəbər verir ki, oyunlardan 3-ü böyük hesabla başa çatıb.
A Liqasında 2-ci qrupun görüşündə İslandiya Belçikaya 0:3 hesabı ilə uduzub. Hər 3 topu "Qarabağ"ın qapıçısı Hannes Halldorsson buraxıb. Bununla da təcrübəli qolkiper ilk 2 tur ərzində qapısında 9 top görüb. İslandiya daha əvvəl İsveçrə ilə görüşdə 0:6 hesabı ilə uduzmuşdu. Son dünya çempionatında bürünc medal qazanmış Belçika isə Millətlər Liqasına böyük hesablı qələbə ilə başlayıb.
Mundialın finalçısı Xorvatiya isə 4-cü qrupun oyununda İspaniyaya 0:6 hesabı ilə məğlub olub. Bununla da Zlatko Daliçin komandası Millətlər Liqasına uğursuz başlayb. Luis Enrikenin baş məşqçi olduğu yığma isə ardıcıl ikinci qələbəni əldə edib. Pireneylilər ilk turda İngiltərəni 2:1 hesabı ilə yenmişdi.
Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi Bosniya və Herseqovina millisi B Liqasında 3-cü qrupun oyununda Avstriyaya evdə qalib gəlib. Bu, Prosineçkinin komandasının ikinci qələbəsi olub. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin hazırda rəhbərlik etdiyi kollektiv ilk turda səfərdə Şimali İrlandiyaya qalib gəlmişdi - 2:1. Avstriya isə hələ ilk matçını keçirib.
C Liqasında hər 2 oyun 2-ci qrupa təsadüf edib. Finlandiya Estoniyanı 1:0, Macarıstan Yunanıstanı 2:1 hesabı ilə yenib.
Nəhayət, D Liqasının 2-ci qrupunda Moldova doğma meydanda Belarusla qolsuz heç-heçə edib. San Marino isə Lüksemburqa böyük hesabla uduzub. Belarus ilk turda San Marionu 5:0, Lüksemburq isə Moldovanı 4:0 hesabı ilə darmadağın etmişdi. Beləliklə, Lüksemburq 6 xalla vahid liderdir.