|
"Baş məşqçimiz dəfələrlə vurğulamışdı ki, çox çətin olacaq.
Biz hər oyuna nəticə qazanmaq üçün çıxırıq. Amma mərhələ adlamaq istəyirsənsə, nəticəyə oynamağı da bacarmalısan. Çətin oldu, amma hədəfimizə çatdıq."
"Report" xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Vaqner da Silva Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Sloveniya "Olimpiya"sı ilə heç-heçə (0:0) etdikləri oyundan sonra deyib.
Braziliyalı qolkiper daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Qapıda çox rahat görünürdünüz. Adaptasiya mərhələsini tez keçdiniz?
- Adaptasiyanı tam keçdiyimi demək olmaz. Bu, təcrübədən irəli gəlir. İlk oyundan öncə Braziliyada tətildə idim. 4 məşqdən sonra isə "Olimpiya" ilə oyuna çıxdım. 1 həftə də artıq məşqlər etdim. Psixoloji cəhətdən hazıram.
- Amma bu oyunlarda çərçivənə demək olar ki, zərbə endirilmədi...
- Sizinlə razıyam. Bu tip oyunlar çox çətin olur, baxmayaraq ki, qapıya zərbələr gəlmir. Çərçivəyə zərbə vurulmur və sənin də fikrin yayına bilər. Bütün 90 dəqiqə diqqətli olmaq lazımdır. Ardıcıl zərbələr qapıçıya asan olur, öyrəşirsən.
- "Qarabağ"a adaptasiya olmaq sizin üçün çətin olmayacaq?
- Kiçik ölkələrin çempionatlarını izləməyi nədənsə çox sevirəm. Emin Mahmudov və Kamran Ağayevlə "Boavişta" klubunda olanda söhbət edirdik. Azərbaycan futbolu haqqında da danışmışıq. "Qarabağ"ın matçlarını Çempionlar Liqasında izləyirdim. Ağdam klubunun oyun sistemini çox bəyənirəm. Qurban Qurbanovun yaxşı taktikası var. "Qarabağ"a adaptasiya olmaq çətin olmayacaq.
- Hannes Halldorssonun "Qarabağ"da əsas qapıçı olacağı gözlənilir. Əsas heyətə düşmək sizin üçün çətin olacaq?
- Qətiyyən! Bu məni narahat etmir. Əvvəlcə onunla müqavilə imzalanıb. Mən "Muskrona"a gələndə İsrail millisinin üzvü əsas qapıçı idi, amma onu heyətdən sıxışdırdım. "Boavişta"da isə Azərbaycan millisinin qolkiperi Kamran Ağayevi sıxışdırdım və əsas qapıçı oldum. Ona görə də çətinlik olmayacaq. Bu, mənim xoşuma gələcək.
- Kamran Ağayevin "Boavişta"dan ayrılmasının səbəbi nə oldu?
- Bu, mənə aid olan məsələ deyil. Bununla bağlı açıqlama verə bilmərəm.