|
"Mən İtaliya parlamentinin sədr müavininin başçılığı ilə müxtəlif siyasi qrupları təmsil edən nümayəndə heyətini qəbul etmişəm. Onlar Ağdamda və Gəncədə olmuşlar. Birinin işğal nəticəsində viran qoyulduğu, digərinin isə müharibə vaxtı ballistik raket hücumu nəticəsində çoxsaylı qurban verdiyi bu iki şəhərə səfər etməklə bağlı onların qərarı məni təsirləndirdi".
"Ölkə.Az" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 9-da İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefanonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
"Bizim münasibətlərimizə gəldikdə, hesab edirəm ki, bunun gözəl gələcəyi var. Bu günədək biz siyasi, iqtisadi və enerji təhlükəsizliyi sahələrində böyük uğura nail olmuşuq. Biz Cənub Qaz Dəhlizinin sonuncu hissəsini tezliklə başa çatdıracağıq. Bununla da Azərbaycan və İtaliya gələcək onilliklər ərzində enerji sahəsində çox yaxın tərəfdaş olacaqdır. Bu, müxtəlif ölkələrdən ibarət geniş bir qrupun birgə səyləri nəticəsində ərsəyə gələn çox əhəmiyyətli nailiyyətdir. Bildiyiniz kimi, biz hər il Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısını təşkil edirik və İtaliya hər zaman burada yüksək səviyyədə təmsil olunur. Həmin toplantıların sayəsində biz 3500 kilometr uzunluğunda boru kəmərini inşa etməyə müvəffəq olduq. Kəmərin başlanğıcı Bakıda, sonu isə İtaliyadadır", - dövlət başçısı bildirib.