|
Rusiya fevralın 17-dən Azərbaycanla hava əlaqəsini rəsmən bərpa edəcək.
“Report” xəbər verir ki, müvafiq qərar fevralın 3-də Rusiya Federasiyası hökuməti tərəfindən qəbul edilib. Ölkələr arasında reyslər keçən il pandemiya fonunda dayandırılıb.
Ölkələrin aviaşirkətləri həftə ərzində iki dəfə reys təşkil etmək imkanı qazanıblar. Rusiyanın "Aeroflot" şirkəti ötən həftə bildirib ki, fevralın 17-dən Bakıya həftədə iki reys təşkil etməyi planlaşdırır.
Bu halda hazırda turistlər üçün Azərbaycana giriş bağlanıb. Ölkəyə giriş imkanlarına yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşı olan əcnəbilər, ölkədə iş icazəsinə və ya yaşamaq üçün sənədə malik olan əcnəbilər, həmçinin tələbələr malikdirlər.
Vətəndaşların bütün kateqoriyaları iki həftəlik karantin rejimindən keçməli olacaqlar.