|
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə uzun müddətdir ki, Azərbaycanda karantin rejimində ciddi yumuşalmalara gedilib. Metro fəaliyyətə başlayıb, bir sıra ölkələrlə aviareyslər bərpa olunub, regionlara avtobusların hərəkətinə icazə verilib.
Eləcə də, Naxçıvan-Bakı-Naxçıvan avtobus marşrutu da sabahdan etibarən işləməyə başlayacaq.
Vətəndaşları maraqlandıran məsələlərdən biri də ölkədaxili sərnişin qatarlarının hərəkətinin nə zaman bərpa olunacağıdır. Özəlliklə, Qurban bayramı ilə bağlı ardıcıl olaraq 4 günün qeyri-iş günü hesab olunması tətil günlərində sərnişin qatarı ilə bölgələrə səfər etmək istəyənlərin sayını artırıb.
“Yol-xeber.az” məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdi. Qurumun mətbuat xidmətindən bildirildi ki, bu barədə hələ ki məlumat yoxdur. Hər hansı məlumat olduqda, ictimaiyyətə elan olunacaq.
Qeyd edək ki, Bakı-Qəbələ dəmir yolu xətti də mayın 15-dən açılsa da, hələ ki sərnişindaşıma üçün gediş haqqının məbləği koronavirus (COVID-19) pandemiyası başa çatanda və qatarla sərnişin daşımalarına başlanılanda məlum olacaq.