|
ABŞ, Böyük Britaniya və Avrova İttifaqı Ukrayna ilə müharibə səbəbindən Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalar tətbiq etməyə başlayıb. Sanksiya qərarlarına əsasən yüzlərlə transmilli şirkət bu ölkədəki fəaliyyətini dayandıraraq geri çəkilib. Rusiyanı cəzalandırmaq məqsədi daşıyan addımların təsirləri indi dah çox özünü hiss etdirməyə başlayır. Məhsulların qiymətləri artır, iş yerləri bağlanma təhlükəsi ilə üzləşir, nəticədə yüzlərlə insan işini itirmək qorxusu yaşayır. Cəza tədbirləri Rusiya vətəndaşları tərəfindən məyusluqla qarşılanır. Rusiyada sanksiyalardan sonra vəziyyət necədir?
Modern.az Rusiyada böhran səbəbiylə gündəlik həyatın necə dəyişdiyini araşdırıb.
Yemək yağları və dərman qıtlığı
Müharibənin ilk həftəsində istehlak qiymətləri yüzdə 2,2 faiz artıb, ən böyük artımlar ərzaq məhsullarının qiymətində müşahidə olunur. İnsanlar bahalaşmanın daha da kəskinləşməsindən narahat olaraq, əlavə ərzaq ehtiyatı yığmağa başlayıb. Bu səbəbdən mağazalar əsas ərzaq məhsullarının satışını məhdudlaşdırıb. Bundan əlavə, bir çox yerlərdə dərman satışına icazə verilmir, daşıma şirkətləri xidməti dayandırdığı üçün bəzi tibbi məhsulları tapmaq müşlük məsələyə dönüb.
Rubl getdikcə çökür
Rusiyanın Ukraynaya təcavüzü başlayandan bəri rubl sürətlə ucuzlaşır. Bu, bir çox pərakəndə satış məntəqələrinin daimi qiymətləri qaldırmasına səbəb olur. Moskvada vəziyyət bir qədər fərqlidir. Şəhərin mərkəzində yaşayan Anna hələ boş rəf görmədiyini deyir: "Ərzaq qıtlığı olmayacaq, amma qiymətlər bahalaşaq. Bunun daha nə qədər davam edəcəyini təsəvvür belə edə bilmirəm və bu barədə düşünməyə belə qorxuram". Moskva sakini Aleksandr iki həftədə qiymətlərin artdığından şikayətlənib. "Mən fevralın 20-də 5500 rubl (həmin vaxt məzənnə 57 ABŞ dolları olub) ilə ərzaq və zəruri əşyalar aldım. Həmin gün aldığım əşyalar bu gün 8000 rubldur. İki həftə ərzində südün qiyməti demək olar ki, iki dəfə artıb",- o qeyd edib. Artıq fevral ayında ötən illə müqayisədə şəkər və taxılın qiyməti 20 faiz artıb. Rusiyanın rəsmi xəbər agentliyi olan "TASS" bəzi pərakəndə satıcıların əsas ərzaq məhsullarının qiymətlərindəki artımı 5 faizlə məhdudlaşdırmağa razılaşdığını açıqlayıb. Bir çox mağazalar un, şəkər və yağ kimi əsas ərzaq məhsullarının müəyyən məbləğdən artıq satışını dayandırıb. Moskvadan kənarda yaşayan Daria isə ailəsi üçün ərzaq ehtiyatı yığdığını söyləyib. "4 kiloqram qəhvə, 4 litr günəbaxan yağı, 4 litr zeytun yağı və 4 butulka viski almışam. Həmçinin üç aylıq təzyiq dərmanı sifariş etmişəm, bəzi dərmanların tapılması artıq çətinləşir",- Daria deyib.
Xarici xoşbəxtliyi dadmaq üçün son şans: ən son "iphone"
Rusiyada bəzi istehlak mallarının qiyməti həddindən artıq bahalaşıb. "Apple", "Ikea", "Nike" kimi aparıcı brendlər artıq öz məhsullarını Rusiyada satmır. Daria bir müddət idi ki, ailəsi üçün yeni kompüterlər almağı düşünürdü və qiymətlərin getdikcə artdığını görüb, bunu mümkün qədər tez etmək qərarına gəlib: "Fevralın əvvəlində 70 min rubl idi, ayın sonunda isə 100 min rubla qədər artdı. O qiymətə aldıq. Sonra 140 min rubla qalxdı və Moskvada ehtiyatlar tükənir. İndi camaat zarafat edir, amma sonra bizim taleyimiz yaxşı olmayacaq ". Qeyd edək ki, "Apple" martın 2-də Rusiyada bütün satış fəaliyyətlərini dayandırdığını elan edib. Həyat yoldaşı və iki uşağı ilə birgə yaşayan universitet professoru Pavel Moskvadakı evlərinə elektrik əşyaları almaq istəyirdi. Müharibə başlayan gün o, qiymətlərin az qala 30 faiz artdığını bildirir. Professor bağlanmadan bir gün əvvəl soyuducu, soba, paltaryuyan maşın və çaydan alıb, "Ikea"dan çarpayı və şkaf sifariş etməyi bacarıb. "McDonald's"ın Rusiyadakı 847 restoranını bağlamasının simvolik mənası əksər ruslar üçün aydındır. "McDonald's" 30 il əvvəl Sovet İttifaqında fəaliyyətə başlayan ilk Qərb şirkətlərindən biri idi. Şəbəkənin bağlanacağı barədə xəbər eşidiləndən sonra yerdə qalan ərzaqlar adi qiymətdən 10 dəfə baha satılıb. Reklamların birində "Xarici xoşbəxtliyi dadmaq üçün son şans" sözləri diqqət çəkib. Lakin Rusiyanın cənub-qərbində, Saratovda yaşayan Vladimirin fikrincə, onlar Qərbin sanksiyalarının təsirini hələ hiss etməyiblər: "Rublun ucuzlaşmasından təsirlənmirik, çünki bahalı idxal mallarından istifadə etmirik".
Müştərilərini itirmə qorxusu
Rusiya bankları "Swift" beynəlxalq ödəniş sistemindən çıxarılıb. Visa, Mastercard, American Express, Apple və Google Pay kimi ödəniş sistemləri Rusiyada xidmətlərini məhdudlaşdırıb. Rusiya Mərkəzi Bankı iqtisadiyyatın təxminən 8 faiz kiçilə biləcəyini bildirir. Fitnes sənayesində çalışan Nataşa bu barədə deyib: "Sanksiyalar bizim işimizə zərbə vurub. Müştərilərimizin sayı azalıb. İnsanlar idman mərkəzlərinə üzvlüklərini ləğv edib pullarını geri istəyirlər. Öz növbəsində kirayə haqqı, məişət texnikası və təmizlik xərcləri artır. Xərclərimiz orta hesabla 30 faizə yaxın artıb".
Böhran məktəbləri də "vurub"
Yekaterina bir neçə dil məktəbinə rəhbərlik edir. O sanksiyaların artıq problemlərə səbəb olduğunu vurğulayıb: "Başqa ölkələrdə müəllimlərimiz var və köçürmə yolları bağlı olduğu üçün onlara ödəniş edə bilmirik. ABŞ, Almaniya və Latviyadan da tələbələrimiz var, onlar təhsil haqqını hesabımıza yatıra bilmirlər. Hazırda başqa vasitələrdən istifadə edirik, lakin hər iş günü yeni böhranla başlayır". "Zoom" platforması bloklandığı təqdirdə beynəlxalq qrup dərslərini necə idarə edəcəyini bilmir. Bu səbəbdən Yekaterina çox narahatdır. "Uzun müddətdir birlikdə işləməyimizə baxmayaraq, birdən-birə hər şeyi dayandırdılar. İndi biz həm onlara, həm özümüzə, həm də bütün vəziyyətə görə çox üzülürük",- o qeyd edib. Bundan əlavə, qeyd edək ki, yeni hüquqi tənzimləmələr Rusiyada işğalla bağlı "saxta xəbər" kimi qəbul edilən informasiyalar yerləşdirən və dərc edən hər kəs üçün həbs təhlükəsi deməkdir.
Rusiyada müstəqil və beynəlxalq media orqanlarına sərt məhdudiyyətlər qoyulub, müharibə əleyhinə nümayişlərdə iştirak edən 13 minə yaxın insan saxlanılıb. Xalqın əksəriyyəti sanksiyalara görə prezident Vladimir Putini günahlandırır, digərləri isə müharibə ilə bağlı xəbərləri Ukrayna əleyhinə ağır təbliğat aparan dövlətin nəzarətində olan media vasitələrilə dinləyir. Bununla belə çoxları Putini dəstəkləyir və sanksiyalara görə Qərbi günahlandıra bilər. Rusiyada ölkə rəhbərini tənqid etmək təhlükəli işdir. Qərb hökumətləri ümid edir ki, rusları sanksiyalar yükü altında əzmək həm də ölkədə hakimiyyət dəyişikliyinə səbəb ola bilər, lakin bu, uzun müddət çəkə bilər. Sanksiyalardan yalnız zəngin rusların təsirlənəcəyilə bağlı fikir çox mübahisəlidir. Bundan sonra nə olacağına heç kim əmin deyil, lakin iqtisadi vəziyyətin daha da pisləşməsi ehtimalı yüksəkdir və bunun üçün uzun zaman lazımdır. Rusiya Mərkəzi Bankı müharibənin başlanmasından bəri iqtisadiyyatda əhəmiyyətli dəyişikliklərin olduğunu etiraf edir.
70 yaşlı Rusiya vətəndaşı Luda düşünür ki, kənardan baxanda Moskvada nə baş verdiyini tam olaraq başa düşmək çətindir.
"Şəhərin kafe və restoranları hələ də doludur, metro işləyir, şəhərin mərkəzində tıxac var. Etirazları, çağırışları, ölkəni yüksək səslə tərk edən yaradıcı insanları görmürsənsə, hər şeyin əvvəlki kimi olduğunu düşünə bilərsən. Çox şey sakit keçir. Amma mənə elə gəlir ki, havada oksigen azalır. Bu gün baş verənlər insanlara 1990-cı illəri, Sovet İttifaqının dağılmasından sonra Rusiya iqtisadiyyatının çöküşünü xatırladır. 30 yaşlarında olan (o illərdə yaşamayan) insanlarla o vaxt və yeməyi necə rasionladığımız barədə danışmaq maraqlıdır. Konfet, yağ və araq üçün kuponlarımız var idi. Mən kolbasa almaq üçün nəhəng növbələri xatırlayıram... Bu, utancverici idi. Ümid edirəm ki, bir daha eyni şeyləri yaşamayacağıq. Mən narahatam ki, yoxsulluq və işsizliyin qəfil artması ilə oğurluq və qaçaqmalçılıq artacaq".