Kənd təsərrüfatı məhsulları marketlərdə ikiqat bahadır?

Deputatın izahı: Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə..."

Son  vaxtlar  Azərbaycanda əsas kənd təsərrüfatı məhsulları olan kartof və soğanın qiymətindəki bahalaşma müzakirə gündəmindən düşmür. Artıq bir neçə aydır ki, kartof qiymətləri 1,5-2 manat, soğan isə 1-1,6 manat arasında dəyişir. Həmişə faraş kartofun bazara çıxması ilə aprel ayının ikinci yarısından ucuzlaşma başlansa da, bu il qiymətlərdə düşmə müşahidə olunmur.

Maraqlıdır ki, belə bahalığın müzakirəsi zamanı diqqət yetirilən məsələlərdən biri  marketlərdə kənd təsərrüfatı məhsullarının bazarlardan xeyli baha qiymətə satılmasıdır. Bildirilir ki, eyni məhsulun bazar qiyməti ilə market qiyməti arasında 50-60 qəpiyə qədər fərq olur. Məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bunun səbəblərinə toxunub.  Onun sözlərinə görə, marketlərdə soğanın, kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətinin artması bir tərəfdən təbii görünür:  “Çünki marketlər məhsula əlavə qiymətlər qoyurlar. Ancaq bazarda isə kartofun, soğanın və digər məhsulların qiyməti aşağıdır”.

Komitə sədri söyləyib ki, əhali alış-veriş üçün daha çox böyük marketlərə üz tutur. O, buna səbəb kimi isə marketlərin vizual olaraq görünüşünün və səliqə-səhmanının müştərilər üçün daha cəlbedici olmasını göstərib: “Bu səbəbdən sahibkarı da məhsulu niyə baha atdığına görə qınamaq olmur. Hər kəs bilir ki, ölkəmizdə yarmarkalar və digər satış məntəqələri mövcuddur. Fərdi insanlar rayonlardan gətirdiyi kənd təsərrüfatı məhsullarını burada satırlar və doğrusu, mən də burada qiymətlərin yarıbayarı aşağı olduğuna fikir vermişəm. Dəfələrlə müşahidə etmişəm ki, əgər marketdə doğrudan da qiymət 1.50-2 manatdırsa, orada 0.80-1 manatdır”.

T.Rzayev buna görə də əhalinin öz büdcəsini məhz özünün müəyyən qaydada hesablamalı olduğunun zəruriliyini qeyd edib: “Hamı gileylənir ki, filan məhsul niyə marketdə bahadır. Yenə deyirəm, marketə çəkilən xərclər var: buraya onun gətirilməsini, saxlanılmasını və digər məsələləri göstərmək olar. Sahibkarlar bu xərcləri qiymətin üstünə əlavə edirlər deyə, bu da müəyyən qaydada bahalaşmaya səbəb olur”.

Komitə sədrinin sözlərinə görə, digər səbəb isə müəyyən işbazların bazarda qiymətin artırılması üçün təşəbbüs göstərmələridir: “Yəni məhsulu çox ucuz qiymətə alırlar və baha qiymətə satırlar. Ancaq yenə deyirəm, insanlar da öz büdcələrinin qeydinə qalmalı və hesablamalar aparmalıdırlar. Hara sərfəlidirsə, oradan almalıdırlar. Bəzən bir km və ya 500 metr yol qət etməmək üçün yaxında təmtəraqlı marketdən alış-verişə üstünlük verirlər. Belə olan halda sahibkarlar da tələbata uyğun olaraq qiymətləri artırırlar”.

Qeyd edək ki, komitə sədrinin dediklərinə rəğmən, eyni keyfiyyətdə olan məhsullar üzrə bir çox hallarda bazar və yarmarkalardakı qiymətlər market qiymətlərindən demək olar ki, fərqlənmir. İndiki halda kartof və soğanın qiymətləri hər iki satış məntəqəsində demək olar ki, eynidir. Bahalaşmanın əsas səbəbinə gəldikdə, burada əsas rol ölkənin bütün satış şəbəkələrindəki inhisarçılığa və məhsul istehsalındakı azalmaya məxsusdur. Heç kimə sirr deyil ki, Azərbaycanın ən böyük satış bazarı olan Bakı şəhərində piştaxtalara gedən yollar müəyyən qrupların əlindədir. Kəndlinin sahədə 15-20 qəpiyə satdığı soğanı Bakıda piştaxtaya 60 qəpiyə çıxaran məhz həmin inhisarçı qruplardır.

Konkret kartofla bağlı məsələyə gəlincə, rəsmi statistika Azərbaycanın kartofla özünü tam təmin edə bilmədiyini göstərir. 2008-2009-cu illərdə tələbatın 104 faizinə çatan bu göstərici 2023-cü ildə 89,9 faiz təşkil edib. Maraqlıdır ki, ölkədə istehsal olunan kartofun rəsmi statistikanın qeydə aldığı həcmi mövcud tələbatdan xeyli yüksək olsa da, nədənsə özünütəminat səviyyəsində bu, əksini tapmır. Belə ki, rəsmi ərzaq balansında ölkə əhalisinin illik kartof istehlakı 850-900 min ton civarında göstərilir. Daha 7,5-8 min ton qida məhsullarının istehsalına sərf edilir. Mal-qara və quş yemi üçün kartof istehlakı sürətlə artaraq 2023-cü ildə 63,8 min tona çatıb. İllik itkilər 65 min ton ətrafında dəyişir. Yəni faktiki istehlak itkilərlə birlikdə 1 milyon tondan cüzi yuxarıdır. Ölkədə kartof istehsalı isə son illərdə 1 milyon tondan aşağı olmayıb. Belə ki, son illərdə ölkədə kartof əkini sahələrində azalma olsa da, rəsmi statistikada ümumi istehsalın artması müşahidə edilir: 2019-cu ildə 56 921 hektar sahədən 1 milyon 4172 ton,  2021-ci ildə 56 104 hektar sahədən 1 milyon 61 958 ton, 2022-ci ildə 54,7 min hektar sahədən 1 milyon 74,3 min ton kartof yığılıb. 2023-cü ildə son illərdə ilk dəfə olaraq kartof istehsalında azalma qeydə alınıb: 1010,5 min ton və ya 2022-ci ilə nisbətən 5,9 faiz az kartof istehsal olunub. Bu azalma 2024-cü ildə də davam edib - cəmi  927,4 min ton kartof yığılıb. Beləliklə də kartof istehsalı 2023-cü illə müqayisədə 8,2 faiz azalıb.

2024-cü ildə ölkədə kartof əkinlərinin sahəsi əvvəlki ildəki  49,4 min hektardan 46,7 min hektara qədər azalıb. Proses bu il də davam edir - birinci rübdə kartof əkinləri əvvəlki ilin eyni dövründəki 27 141,3  hektardan 26 110,1 hektara(3,8 faiz) qədər azalıb.

Bir məqama diqqət yetirmək lazımdır ki, ölkədə istehsal olunan kartofun 350-400 min tona yaxınını istilikxanalarda səpilən faraş kartof təşkil edir. Əsasən Şəmkir, Cəlilabad, Tovuz rayonunda yetişdirilən belə kartof saxlanma üçün yararlı olmayıb, qısa müddətdə istehlak üçündür. Xaricə ixrac olunan da məhz istilikxanalarda yetişdirilən belə kartofdur. Azərbaycanda ildə 70-80 min ton arası faraş kartof ixracı qeydə alınır. 2022-ci ildə  kartof ixracı 78 301,42 ton (35 milyon 121,66 min dollar), idxalı isə 159 725,97 ton (41 milyon 788,31 min dollar) təşkil edib. 2023-cü ildə ixrac 30 milyon 930,25 min dollar dəyərlə 71 192,26 ton, idxal isə 44 milyon 213,88 min dollar dəyərlə 162 242,61 ton olub. 2024-cü ildə ixracda kəskin azalma qeydə alınıb: 48,3 min ton. Bu ixracdan əldə olunan gəlir isə 20,5 milyon dollara bərabər olub.  2025-ci ilin yanvar-mart aylarında isə Azərbaycandan 1 009 ton kartof ixrac edilib. Bu göstərici ötən ilin eyni dövründə 1 467 ton təşkil etmişdi. Beləliklə, ixrac olunan kartof çəki baxımından 458 ton və ya 31,2 faiz azalıb. Kartof ixracından əldə edilən gəlir də azalaraq 328 min 850 dollar olub. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 458 min 530 dollar idi. Bu da illik müqayisədə 129 min 680 dollar və ya 28,3 faiz gəlir itkisi deməkdir.

Ölkə üzrə faraş kartof istehsalını ümumi istehsal həcmindən çıxdıqda, yazlıq əkinlərdən kartof istehsalı ilboyu daxili tələbatı təmin etmək üçün yetərli olmur. Üstəlik, ölkəmizdə kartof saxlanması üçün soyuducu anbar ehtiyacları ümumilikdə 300 min tona yaxın qiymətləndirilir. Son illərdə soyuducu anbarların tikintisi dövlət tərəfindən subsidiyalaşdırılsa da, kartof anbarları tikməyə həvəsli sahibkarlar tapılmır. Bunun əsas səbəbi iri istehsalçıların istilikxana kartofuna üstünlük verməsidir. Belə ki, faraş kartof həm əsas ixrac bazarı olan Rusiyada, həm də Azərbaycanın özündə əlverişli məqamda - köhnə məhsulun tükənməyə başladığı aprel-iyun aylarında yetişir. Bu mərhələdə kartofu ixrac etmək, eləcə də daxili bazarda baha qiymətə satmaq mümkündür. Açıq sahələrdə səpilən kartof isə bütün Azərbaycanda təxminən eyni vaxtda - iyun-iyul aylarında yığılır, bazarda bolluq yaranır və qiymət ucuzlaşır. Açıq sahələrdə kartof istehsalında ağırlıq fərdi təsərrüfatlardadır - rayonlarda əhali həyətyanı sahələrində, kiçik ölçülü pay torpaqlarında yetişdirir. Onların əldə etdikləri 5-10 ton məhsulu baha qiymətə anbarlarda saxlamaq imkanı olmadığına görə maksimum noyabra qədər hamısını satmağa çalışırlar. Anbarlarda yalnız iri istehsalçıların məhsul saxlamaq imkanı olur. Onlar da məhsula istədikləri qiyməti qoyurlar.

Ötən il Azərbaycan xaricdən 39 milyon 75,11 min dollar dəyərində 142 min 897,38 ton ərzaqlıq kartof idxal edib. Bu isə idxalın 20 min tona yaxın azalması deməkdir. Ötən il kartofun 66436,09 tonu İrandan, 33131,2 tonu Rusiyadan, 23939,3 tonu  Gürcüstandan, 10399,22 tonu Türkiyədən, 8846,64 tonu Belarusdan, idxal olunub. Az miqdarda kartofu hətta Qırğızıstan və Niderlanddan da almışıq.

Rəsmi statistikanın açıq bazasına əsasən 2025-ci ilin yanvar-fevralında Azərbaycanın xaricdən kartof idxalı 11 milyon 615,46 min dollar dəyərlə 39 218,08 tona bərabər olub. Ötən ilin eyni dövründə idxalın 40225,77 ton təşkil etdiyini nəzərə alsaq, bu il həcmin 2,5 faiz azaldığını görərik. Ötən il kartofun əsas hissəsi Rusiya, Belarus və İrandan alınmışdısa, bu il üstünlük Türkiyə və Gürcüstanda, qismən də İranda olub. Bunun əsas səbəbi həm Belarusda, həm də Rusiyada kartof ehtiyatlarının azalması fonunda birincidə ixraca məhdudiyyətin qoyulması, ikincidə isə qiymət konyukturunun əlverşli olmamasıdır.

Kartof istehsalı ilə yanaşı idxalının da azalması ölkədə qiymət bahalaşmasının səbəblərindən birinə də aydınlıq gətirir. Üstəlik, bu il ixrac birbaşa sərhədimiz olan Rusiya və İrandan daha çox Türkiyədən gətirilir ki, bu da nəqliyyat xərclərində artıma səbəb olur.

02 May 2025 "Bitcoin" mədənçiliyinin sonu: Niyə əvvəlki kimi gəlirli deyil?
02 May 2025 Maaş və təqaüdləri istədiyimiz bankdan ala biləcəyik? - Rəsmi cavab
24 Aprel 2025 XİN rəsmisi: Astara-Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var
24 Aprel 2025 Azərbaycan Bakı-Tbilisi-Qars vasitəsilə neft məhsullarının tədarükünü gündəmə gətirir
24 Aprel 2025 Azərbaycan üçün hansı üstünlüklər olacaq? - İmzalanan sənədlərdə Zəngəzur detalı
23 Aprel 2025 Maşın bazarı "tarixə qovuşur" - Alıcılar daha ucuz variantı tapıb
23 Aprel 2025 Kartof-soğan niyə ucuzlaşmır?
23 Aprel 2025 Mərkəzi Bank uçot dərəcəsi ilə bağlı qərar verdi
22 Aprel 2025 Metroda yeniliklərdən sonra gedişhaqqı artacaq? - RƏSMİ CAVAB
22 Aprel 2025 Dünya Turizm Həftəsində ADY ilə səfərlər yeni xatirələr yaradır!
21 Aprel 2025 Azərbaycanda 3 valyuta bahalaşdı, dollar bu qiymətə satılır - RƏSMİ
21 Aprel 2025 Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun inşasına dair son vəziyyət açıqlandı
18 Aprel 2025 Baş nazirdən onların maaşı ilə bağlı - Qərar
18 Aprel 2025 Ev almaq niyə çətinləşir? - AÇIQLAMA
18 Aprel 2025 Azərbaycanın qızıl ehtiyatı 165 tonu ötüb
15 Aprel 2025 Qlobal iqtisadi böhran riski sovuşdumu - Azərbaycanın ön hazırlıqları
14 Aprel 2025 Siqaret yenə bahalaşdı
12 Aprel 2025 Şərqi Zəngəzurla Naxçıvanı birləşdirən körpüdən - Son görüntülər
11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama

Xəbər lenti