İyul ayının ortaları olsa da, bazarlarda hələ də qarpızın qiyməti enməyib.

Satıcılar bu giləmeyvənin kiloqramını 60-70, hətta bəzi növlərini 1-1,5 manata təklif edirlər. Məsələn, metronun “28 May” stansiyasının yaxınlığında yerləşən “Setkalı bazar”da  qarpızın kiloqramı 60 qəpikdir. Köhnəlmiş, görünüşü o qədər də xoşagələn olmayan qarpızları isə kiloqramı 50 qəpikdən almaq olar.

Marketlərdə də qiymətlər bazardan ciddi şəkildə fərqlənmir. Demək olar ki, əksər supermarketlərdə və meyvə-tərəvəz köşklərində qarpızın kilosu 60-70 qəpiyə satılır. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətin iki–üç dəfə baha olması deməkdir. Digər tərəfdən, küçələrdə əvvəllər addımbaşı rast gəldiyimiz qarpızla dolu yük maşınları da demək olar gözə dəymir. Satıcılar qiymət artımını elə bu amillə, məhsulun qıtlığı ilə əlaqələndirirlər.

Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində yerləşən meyvə-tərəvəz mağazasının sahibi virtualaz.org-a deyir ki, bu mövsümdə satışa çıxarılan qarpızın çox az hissəsi Sabirabaddan gəlir. Rayonda indiyə qədər qarpız əkilən sahələrdə artıq fermerlər pambıq plantasiyaları salıblar.

 “Hər il ən çox və ən keyfiyyətli qarpız Sabirabaddan gəlirdi, amma bu il demək olar ki, Sabirabad qarpızına rast gəlinmir. Bazarlara qarpız daha çox Bərdədən, Saatlıdan və başqa rayonlardan gəlir. Sabirabadda fermerlərə şərt qoyublar ki, sahələrinin ən azı yarısını pambıq plantasiyası eləsinlər. Kim pambıq əkməyə razılaşmırsa, ümumiyyətlə, qarpız da əkməyə qoymurlar. Ona görə də belə vəziyyət yaranıb. İllərlə qarpız əkən, bu işin peşəkarı olan adamlar qalıblar əliboş...”, - deyə adını söyləmək istəməyən həmsöhbətimiz bildirir.

Digər satıcı Məhəmməd Səfərov isə qiymətin yüksək olmasını məhsulun “Meyvəli” bazarından baha alınması ilə əlaqələndirir. Onun sözlərinə görə, kiloqramı 60 qəpiyə satdıqları qarpızı topdansatış mərkəzindən 50 qəpiyə alırlar: “700 kiloqram qarpız almışam, kiloqramını mənə 50 qəpikdən veriblər. Mən topdan aldığıma görə hələ ucuz veriblər, siz getsəniz 60 qəpikdən aşağı ala bilməzsiniz. Allaha and olsun ki, burada qazancım həmin 10 qəpikdir. Əgər onu da qazana bilsəm. Hər reysdə azı 7-8 qarpız kal çıxır, çünki qapalı məhsuldur, kim bilir içində nə var. Müştəri də vurub qoltuğuna qaytarır geri. Bunu da hesablasaq, bizə xeyirdən çox ziyan qalır”.

Bazardakı qarpız alverçiləri də məhsulun qıt olmasından şikayətlənirlər. Onların sözlərinə görə, qiymətlərin əhalinin cibinə uyğun olmaması onların da ziyanınadır: “Bollaşmayıb, ona görə bahadır. Baxın, bu bazarda cəmi iki yerdə qarpız satılır. Hər il Sabirabaddan tonlarla qarpız gəlirdi, ilin bu vaxtı demək olar ki, əksər meyvə-tərəvəz satanların piştaxtasında qarpız görərdin. Bol olduğuna görə kilosu 20 qəpik olurdu. Müştəri də alırdı, biz də qazanırdıq. İndi kilosu 60-70 qəpiyə heç kim yaxın gəlmir...”, - deyə satıcı Badam Xələfova bildirir.

Meyvə-tərəvəz mağazalarının birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da qarşılaşdıq.  Və əlbətdə ki, dərhal söhbət builki qarpızların keyfiyyətindən düşür. E.Hüseynov məsləhət görür ki, nə ucuz, nə baha, ümumiyyətlə qarpız almasaq yaxşıdır. Çünki qarpızın tərkibində nitratın miqdarı normadan dəfələrlə çoxdur və onun təşkilatına əhalidən çoxsaylı belə şikayətlər daxil olur.

E.Hüseynov əlindəki nitratölçən cihazla  elə mağazadaca bir neçə qarpızı yoxladı. Məlum oldu ki, qarpızın hər kiloqramına düşən nitratın miqdarı normadan iki dəfə çoxdur.

“Hər kiloqramda nitritin miqdarı normalda 60 mq olmalıdır. Amma bu qarpızda özünüz də gördünüz ki, 149 mq-dır. Bizim keçirdiyimiz reyd zamanı bundan daha acınacaqlı nəticələrlə qarşılaşdıq. Hətta “Yaşıl bazar” kiloqramına düşən nitritin miqdarı 300 mq olan qarpızlar da tapıldı. Bu isə çox təhlükəlidir. Əgər immuniteti yüksək olan adam bir sutka ərzində bundan təxminən 3 kiloqram yesə zəhərlənər. Zəif orqanizmi olan və ya qrip olan adam, o cümlədən azyaşlı bundan bir kiloqram yesə zəhərlənər. Az yedikdə zəhərlənmə verməsə belə, zəhərli maddələr oynaqlara yığılır”, - deyə AİB sədri bildirir.

E. Hüseynov deyir ki, qarpızın bol olmaması həm də istixanada yetişdirilən qarpızların bitməsi ilə əlaqədardır. Hələ bostanda yetişən məhsul çıxmadığından qarpız az tapılır və bu da qiymətin qalxmasına səbəb olur.  

11 Aprel 2025 İki stansiyanı birləşdirəcək yeni tunel - Tikinti 11 ay çəkəcək
10 Aprel 2025 Tbilisi-Bakı qatarının bərpası ilə bağlı daha bir açıqlama
08 Aprel 2025 Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
07 Aprel 2025 “Dərnəgül” elektrik deposunun inşasına başlanılıb
07 Aprel 2025 Krediti olanlara ŞAD XƏBƏR - Bağlana bilər
07 Aprel 2025 Kərə yağı bahalaşdı - AÇIQLAMA
05 Aprel 2025 Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri
04 Aprel 2025 Müasir və rahat “Stadler” FLIRT qatarı Bakı-Qəbələ-Bakı marşrutunda!
04 Aprel 2025 ABŞ-nin gömrük rüsumları: ticarət müharibəsi, yoxsa yeni imkanlar?
03 Aprel 2025 Kirayə mənzillərin satışa çıxarılması əmlak bazarında qiymətləri qaldırır?
02 Aprel 2025 ADY Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırdı
01 Aprel 2025 Türkiyə və Azərbaycanın Yeni Dəmir Yolu Körpüsü: Qars-İğdır-Naxçıvan Xətti İlə 85 Dəqiqəyə Birlik
01 Aprel 2025 ADY bir sıra stansiyalarda yeniliklər etdi: Daha çox turniket, daha az növbə
31 Mart 2025 Qızılın qiyməti yenidən tarixi maksimumu yeniləyib
29 Mart 2025 “Starlink” Azərbaycanda fəaliyyətə başlayıb
26 Mart 2025 “Naxçıvandan Qarsa 85 dəqiqəyə çatmaq mümkün olacaq”
19 Mart 2025 Turizmdə yeni dövr: Qəbələ - Abu-Dabi reysi bizə nə verəcək?
18 Mart 2025 Sumqayıtla Sarayı birləşdirən körpü açıldı
18 Mart 2025 “Dəmiryol nəqliyyatında qatarların hərəkətinə və manevr işinə dair Təlimat” təsdiqlənib
17 Mart 2025 2025-ci ilin valyuta qalibləri: dollar ilk beşlikdə yoxdur

Xəbər lenti