|
Quba-Xaçmaz yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.az xəbər verir ki, hadisə Xaçmaz rayonunun Yergüc kəndi ərazisində qeydə alınıb. “Toyota Prado” markalı avtomobili idarə edən Üçgünqışlaq kənd sakini 81 yaşlı İkram Əliyevin idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb. Maşında olan İ.Əliyevin həyat yoldaşı İlhamə Gülməmmədova isə ağır yaralanıb.
Sürücü və sərnişini avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İlkin ehtimala görə, avtomobil hərəkətdə olarkən sürücünün ürəyi dayanıb və nəticədə, qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.