İzlənildiyi ilə bağlı Əbiyevlə Mahmudova raport verən generalın qətlindən 12 il ötdü

2009-cu ilin bu günü, fevralın 11-də Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, o dövrdə Azərbaycan Respublikası müdafiə nazirinin müavini olan general-leytenant Rail Rzayev öldürülüb. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra qətlə yetirilən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.

"Qafqazinfo" Yeni Müsavat-a istinadən xəbər verir ki, qətldən sonra Müdafiə Nazirliyinin (MN) verdiyi açıqlamaya görə, general səhər saatlarında işə gələrkən başından güllələnib. Olay zamanı yanında yalnız sürücüsü olub. General MN-in Kliniki Tibbi Mərkəzinə çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Versiyalardan birinə görə, generalın sürücüsü maşını evindən bir qədər aralıda, yol kənarındakı zibil yeşiklərinin yanında saxlayıb. Sürücü maşından zibili götürüb zibil yeşiyinə atarkən maşına arxa şüşədən səssiz tapança ilə güllə atılıb. Güllə generalın başının arxa nahiyəsinə dəyərək beynini zədələyib və ölüm baş verib. Həmin gün Bakıda olduqca intensiv yağış yağıb və küləkli gün olub. Buna görə də sürücü maşına qayıdandan sonra nə baş verdiyini anlaya bilməyib. Generalın ağzından qan gəldiyini görəndə yolda generalın adyutantı Aydın Rəfiyevə zəng edib və sonuncu sürücüyə birbaşa Kliniki Tibbi Mərkəzə getməsinə göstəriş verib. Yalnız orada həkimlər generalın başının arxa hissəsində güllə dəliyini görüb, Rail Rzayevin qətlə yetirildiyini anlayıblar.

Rail Rzayev həmin dövrdə milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudovun eyvanının altında qətlə yetirilib. Generalın ölümü ilə bağlı bir sıra versiyalar səsləndirilir. Ancaq bütün hallarda qətlin onun xidməti işi ilə bağlı olduğu vurğulanır.

Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. Ölkə Prezidentinin sərəncamı ilə 1993-cü ildə müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı vəzifəsinə təyin edilmişdi və öldürülən günə qədər bu vəzifədə çalışıb. 1994-cü ildə general-mayor, 2002-ci ildə isə general-leytenant hərbi rütbələri verilmişdi. Rail Rzayev bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.

Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu qətl onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib.

Üstündən 12 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.

Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də deyib. 

Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.

Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir”.

Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.

Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”

Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə başlanan cinayət işi nəticəsizdir. İstintaq Rail Rzayevin yavəri Anar Haşımovu, köməkçisi Aydın Rəfiyevi və onun oğlu Anar Rəfiyevi də həbs etmişdi. Bu adamların həbsi qətlə birbaşa bağlı deyildi. Tutulanlar Rail Rzayev qətlə yetiriləndən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə edərək oradan külli miqdarda qızıl-zinət əşyaları, xeyli sayda dərman preparatı, DVD-lər və generala məxsus seyfdən 200 min avro məbləğində pul oğurlamaqda ittiham olunurdular. 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə Aydın Rəfiyev 9, Anar Rəfiyev 7 il 6 ay, A.Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər. Artıq hər 3 şəxs azadlıqdadır. 2016-cı ildə Qaradağ Rayon Məhkəməsi Aydın Rəfiyev cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etdi. 

Mərhum generalın qızı Rahilə Rzayeva Aydın Rəfiyev haqda bu sözləri demişdi: “Bu adamlar hər ikisi hərbçi idi. Qətl törədilən an orada, yanında sürücüsü olub. Hadisədən sonra gedib Aydın Rəfiyevi evindən götürüb. Aydın Rəfiyev yerin altını da, üstünü də bilən adamdır. Sürücü maşına oturur, görmür ki, maşının arxa şüşəsində deşik var? Sonradan Aydın Rəfiyev də maşına minir. Amma bunların heç biri maşının arxa şüşəsindəki deşiyi görmürlər? Ağzından qan axdığını görmürdülər? Bu, uşaq nağılına oxşayır. Yalandan da deyirlər ki, elə bildik ki, ürəyi tutub. Onu vaxtında hospitala çatdırmayıblar. İbrahim Tatlısəsin də başına atəş açdılar, amma sağ qaldı. Çünki vaxtında həkimə çatdırmışdılar. Amma bunlar nə ediblər? Qəsdən ora-bura sürüyüblər, vaxt uzadıblar”.

Rahilə Rzayeva Aydın Rəfiyev və digərlərinin onun seyfindən oğurladıqları 200 min avronun da onlara qaytarılmadığını açıqlamışdı: “Həmin 200 min avronu ailəyə qaytarmırlar. Qanunla həmin pul vərəsələr arasında bölünməlidir. Oradan-buradan sənədlər də yığıblar ki, guya Rail Rzayevin borcu varmış, guya pullar həmin borclara veriləcək. Bu, gülünc söhbətdir. Atam gedib “Nasosnı”da borcu olan adamların borclarını bağlatdırırdı. Öldürüləcəyini bilən, özünə qəbir qazdıran adam borcları olsaydı, verməzdimi? O, borc alan adam deyildi. Bir şikəstin, bir atası qətlə yetirilən qızın pulunu yemək kimə lazımdır? Yetimin payını yeməzlər! Mən xaricdə təhsil almaq istəsəm, həmin pulu ödəyib təhsil ala bilərəm. Bu pulu götürüb ailəyə qaytarmayanlar elə bilirlər qazanc əldə ediblər? Bizim atamız pulu kişi kimi qazanıb. Biz heç kimin yanında gözükölgəli deyilik”.

Bunlar 12 ildir ki, general Rail Rzayevin qətli ilə bağlı ortada olan versiyalardır, nə qatil var, nə də sifarişçi. 

26 Noyabr 2024 Məşhur idmançılarımızın adı ilə DƏLƏDUZLUQ – PUL YIĞIRLAR
26 Noyabr 2024 Bakıda sabiq rəis həbs edildi
26 Noyabr 2024 Hindistan vətəndaşından ŞOK ƏMƏL: Bakı hava limanında SAXLANILDI - FOTOLAR
26 Noyabr 2024 Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
26 Noyabr 2024 Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
26 Noyabr 2024 Mingəçevir su anbarında zəlzələ olub
26 Noyabr 2024 35 şirkətin rəhbəri həbs edildi - Bu vəzifəlilərlə əlbir imiş
25 Noyabr 2024 Ədalət Verdiyev həbs edildi
25 Noyabr 2024 Bakıda və bölgələrdə leysan olacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024 Laçın rayonu ərazisində noyabrın 23-də zəlzələ qeydə alınıb
23 Noyabr 2024 70 kq qızılla tutulan azərbaycanlı diplomat deyilmiş
22 Noyabr 2024 Təbriz sakini azərbaycanlı olduğuna görə Ermənistanda döyüldü - Video
22 Noyabr 2024 Uçuş aparatları ilə ölkəyə narkotik keçirməyə cəhd edirlər
22 Noyabr 2024 Hindistandan Almaniyaya uçan təyyarə Heydər Əliyev Aeroportuna təcili eniş edib
21 Noyabr 2024 Sabah hava dəyişkən buludlu olacaq, arabir tutulacaq - PROQNOZ
21 Noyabr 2024 Valideynlərin nəzərinə: Uşaqlar arasında təhlükəli virus yayılıb
20 Noyabr 2024 İndi də saxta dəvətnamə yollayırlar - Yeni dələduzluq növü
20 Noyabr 2024 Sabah hava əsasən yağmursuz keçəcək - PROQNOZ
20 Noyabr 2024 Qarabağdan gedən ermənilərə kütləvi vətəndaşlıq verilir
20 Noyabr 2024 Qarakənd faciəsindən 33 il ötür

Xəbər lenti