|
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə tabe olan Qərb Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şəki şəhər sakini Pərviz Salamov, Mingəçevir şəhər sakini Feruz Paşayev və Göyçay rayon sakini Emil Eyubov saxlanılıb.
Üzərlərinə şəxsi axtarış keçirilən zaman Pərviz Salamovun üzərindən çəkisi 17,481 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Feruz Paşayevin idarə etdiyi “KİA Rio” markalı avtomobilə baxış keçirilən zaman oradan 1 kiloqram 85 qram narkotik vasitə olan heroin və 5 kq 600 qr çəkidə nakotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İlkin dindirilmə zamanı P. Salamov narkotik vasitəni, hələlik kimliyi istintaqa məlum olmayan İran vətəndaşından sifariş etdiyi və Gəncə şəhər ərazisindən götürdüyünü bildirib.
Şöbə əməkdaşlarının keçirdikləri daha bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə hesab olunan tiryək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, müştəri qismində “Opel” markalı taksiyə əyləşərək Bakı şəhər istiqamətində hərəkətdə olan, Abşeron rayon sakini Rais İbrahimov Hacıqabul rayonu ərazisində saxlanılıb.
Onun əlindəki sellofan torbaya baxış keçirilən zaman beş ədəd politelen bükümlərdə ümumi çəkisi 4 kq 175 qram narkotik vasitə olan tiryək aşkar edilirək götürülüb.
Hər iki fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.