|
Bir həftə öncə itkin düşən Azərbaycan Texniki Universitetinin 3-cü kurs tələbəsi İlkin Hüseynovla bağlı araşdırmalar davam edir.
"Qafqazinfo" xəbər verir ki, bu gün səhər saatlarında İ.Hüseynovun sosial şəbəkə hesabında onun adından artıq evdə olduğuna dair paylaşım edilib: "Hamıya salam. Artıq evdəyəm. Keçən bu çətin 7 gün içində məni axtaran və bu mövzuda ailəmin yanında olan hərkəsə təşəkkür edirəm. Hər şeyin bundan da yaxşı olması diləyi ilə".
Məlumatı dəqiqləşdirmək üçün İ.Hüseynovun atası Saleh Hüseynovla əlaqə saxladıq. O bildirdi ki, ona oğlunun tapılması haqda məlumat verilsə də, hələ İlkin evə gəlməyib.
S.Hüseynov qeyd edib ki, oğlu İ.Hüseynov bir müddət öncə işləmək istədiyini bildirib: “Biz də ona dedik ki, normal, ağlın başında işləyəcəksənsə, get işlə. Bakıda ofisiant işləyirdi, maaşını alıb xərcləyib, bir dostundan da 100 manat borc alıb. Sonra da utandığından evə gəlmək istəməyib. Bu bir həftədə Bakıda parklarda, orada-burada qalıb. Heç bir dostunun yanına getməyib, heç kimlə əlaqə saxlamayıb. Hamıdan küsübmüş”.
Şabran rayon Polis Şöbəsindən isə saytımıza bildirilib ki, İlkin Hüsyenovun axtarış tədbirləri davam etdirilir.
Məlumata görə, 20 yaşlı İlkin mayın 11-i günorta saatlarında Bakıdan yaşadığı Şabran rayonuna gedərkən yolda ailəsi ilə əlaqə saxlayıb. O, 20 dəqiqəyə evə çatacağını bildirsə də, qısa müddət sonra İlkinə zəng çatmayıb.
***
DİN Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, itkin düşən İlkin Hüseynov dünən axşam saatlarında polis əməkdaşları tərəfindən Bakıda parkların birində tapılıb: “O, aidiyyatı üzrə əvvəlcə Şabran rayon Polis Şöbəsinə və daha sonra ailəsinə təhvil verilib”.