|
Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.
"Yol-xeber.az" xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirlyinin birgə məlumatında deyilir.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin səmərəli birgə fəaliyyəti nəticəsində 06.07.2015-ci il tarixdə 1956-cı il təvəllüdlü, Ağsu rayon sakini, avtoyuma yerində işləyən Babayev Sahib Babaxan oğlunun Bakı-Yevlax yolunun Ağsu rayonu ərazisindən keçən hissəsində Ağsu çayının kənarında sellofana bükülərək torbaya salınmış vəziyyətdə meyitinin aşkar edilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmamışdır.
Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, 1963-cü il təvəllüdlü Ağsu rayon sakini Gözəlov Vahid Qəmbər oğlu 18.06.2015-ci il tarixdə, saat 21 radələrində işlədiyi avtomobil təmiri sexindən çıxıb bacısı evinə gedərkən, sonuncunun torpaq sahəsinin giriş qapısının bir qədər aralı olmasından şübhələnib oradan içəri daxil olub ağacın altında Sahib Babayevi oturmuş vəziyyətdə görüb onunla şəxsi münasibətlər zəminində mübahisə etməklə öldürmək qərarına gələrək, Sahib Babayevin sifət nahiyəsinə 2 dəfə sillə vurub yerə yıxmış, sonuncunun başının daş hasara dəyməsini, yerdə oturaq və huşsuz vəziyyətə düşməsini və bununla da onun müqavimət göstərmək imkanının olmamasını görüb, qərar verdiyi cinayətkar niyyətini reallaşdırmaq üçün yaxınlıqda olan sintetik ipi götürərək Sahib Babayevin boğaz nahiyəsinə keçirib boğub öldürmüş, sonrakı günlərdə isə meyiti sellofona bükərək torbaya salıb Ağsu çayının kənarına aparıb qoymuşdur.
Vahid Gözəlov istintaq orqanı tərəfindən müdafiəçinin iştirakı dindirilərkən törətdiyi cinayət əməlini səmimi etiraf etmişdir.
İyulun 5-də Vahid Gözəlov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi üzrə intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prokurorluq və polis orqanlarının əsas prioritet istiqamətlərdən biri - ötən illərdən gizli və qeyri-aşkar şəraitdə törədilməklə bağlı qalmış cinayətlərin istintaq edilərək açılmasını təmin etməklə təqsirkar şəxslərin ifşa olunaraq cinayət məsuliyyətinə cəlb olunmasıdır.