|
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.
"Yol-xeber.az" xəbər verir ki, nəticədə Sumqayıtda yaşayış evindən yarım kiloqrama yaxın heroin aşkarlanıb. Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən “Ceyranbatan bağları” yaşayış massivinin sakini Maqbet Bəşirov saxlanılıb.
Aparılan araşdırma zamanı 41 yaşlı M. Bəşirovun narkotik vasitəni Bakı şəhərində İran vətəndaşından aldığı məlum olub. Saxlanılan şəxsin daha bir cinayət əməlinin üstü açılıb. Belə ki, onun yaşadığı evə keçirilən baxış zamanı kustar üsulla düzəlmiş tüfəng də aşkarlanıb. Bununla yanaşı, 41 yaşlı Maqbet Bəşirovun tanışı ilə əlbir olub Sumqayıtın “Xəzər bağları” yaşayış massivində evlərdən birindən motosiklet oğurladığı da məlum olub.
Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində əvvəllər dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə məhkum edilmiş Sumqayıtda “Betonzavod” yaşayış massivində yaşayan 48 yaşlı Akif Məhərrəmov da keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Keçirilən baxış zamanı onun üzərindən 1 ədəd elektron tərəzi və 33 müxtəlif bükümdə olan narkotik vasitə olan aşkarlanıb.
Akif Məhərrəmovun məhkumluğundan ikisi narkotik vasitələrlə bağlı olub. Belə ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1. – ci maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ilə 2 dəfə məhkum olunub.
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq
iki dost - şəhərin 41-ci məhəllə sakinləri Kənan İsmayılov və Valeh Məmmədov da saxlanılıb. Hər ikisinin üzərinə keçirilən baxış zamanı narkotik maddə aşkarlanıb. Kənan İsmayılov narkotik maddəni Valeh Məmmədovdan aldığını bildirib. Polis əməkdaşlarının Valeh Məmmədovun yaşadığı evdə həyata keçirdiyi axtarış tədbirləri nəticəsində müxtəlif bükümlərdə olan 11 qrama yaxın heroin aşkar edilərək götürülüb.
Saxlanılan şəxslər istintaqa cəlb edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Sumqayıt şəhər Polis İdarəsinin son 6 ay ərzində keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt müəyyən edilib.
Sumqayıt Şəhər Polis İdarəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat tədbirlərini davam etdirir.