|
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində 11 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr və silah sursat aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Yol-xeber.az"a verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Rizvan Əkbərov narkotik vasitə heroini satarkən saxlanılıb.
Lənkəran ŞRPŞ-nin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakinləri Orxan Ağazadə və Riyad Əskərov saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan hazır bükümlərdə narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin şəxslərin narkotik vasitəni Liman şəhər sakini Şahin Bağırovdan əldə etdikləri müəyyən edilib. Keçirilən baxış zamanı Ş.Bağırovun üzərindən və idarə etdiyi “Mercedes” markalı avtomobilin yük yerindən 2 kiloqram 174 qram heroin aşkarlanaraq götürülüb. Həmin şəxsin narkotik vasitəni xairici ölkə vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib.
Lənkəran ŞRPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Əşrəf Səfərov və İqbal Abbasov da saxlanılıblar. Onların üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb.
Faktlarla bağlı araşdırma aparılır.