|
Bakıda sürücü və polislər arasında insident baş verib.
Hadisə paytaxtın Ziya Bünyadov prospektində, körpünün altında qeydə alınıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.az-a açıqlamasında bildirib ki, hadisə avqustun 9-u saat 13:20 radələrində baş verib:
“Belə ki, “Toyota Corolla” markalı, 77-DV-297 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Lerik sakini, 1977-ci il təvəllüdlü Azad Rufullayev “20 Yanvar” istiqamətində hərəkətdə olarkən işıqforun qırmızı işığında hərəkəti davam etdirdiyi üçün “Velotrek” adlanan ərazinin qarşısında YPX əməkdaşları tərəfindən saxlanılması üçün işarə verilib.
Şəxs avtomobilini saxlayıb, daha sonra ona yaxınlaşıb, sənədlərini təqdim etməli olduğunu bildirən polis əməkdaşına tabe olmayıb, onu aldatmağa çalışıb. Bir anda qəfil hərəkətə başlamaqla yoluna davam edib. Təhlükəli manevr hərəkətləri isə əhalinin sıx olduğu “20 Yanvar” dairəsi ərazisində digər vətəndaşlar üçün ciddi təhlükə yaradıb.
YPX əməkdaşları şəxsi təqib etmədən, qarşıda xidmət aparan naryadlara məlumat verməklə Salamzadə körpüsünün altında süni tıxac yaradılmaqla saxlayıblar. Sürücü ərazi üzrə polis bölməsinə aparılıb, tabesizlik göstərən şəxs barəsində toplanmış material Nəsimi Rayon Məhkəməsinə təqdim edilib. Məhkəmə İXM-in 535-ci maddəsinə uyğun qərar qəbul edib.
Əlavə olaraq onu da qeyd edək ki, sürücünün sürücülük hüququ olmayıb”.
A.Əsgərli sosial şəbəkələrdə YPX əməkdaşlarının sürücü ilə o formada çəkişməyə girmək hüququnun olmaması ilə bağlı səsləndirilən iradlara da münasibət bildirib:
“Onu da qeyd edək ki, hadisədə iştirak edən YPX əməkdaşları barədə də xidməti araşdırma başladılıb, onların da hərəkətlərinə hüquqi qiymət veriləcək”.