|
Ötən gün özündən 24 yaş böyük dul kişi ilə nişanlandırılan qızdan yeni xəbər var.
13 yaşlı qız və bacısı ailədən alınacaq.
Komitə rəsmisinin sözlərinə görə, ailə Dövlət Qurumları tərəfindən nəzarətdə saxlanılacaq.
Daxili İşlər Nazirliyindən isə bildirildi ki, bu gün ailə ərazi üzrə 12-ci polis bölməsinə çağırılıb, müvafiq izahatlar alınıb.
5 il ərzində məktəbə getməyən şagird ilə bağlı 213 nömrəli tam orta məktəbin direktoru Səbinə Əliyeva isə deyib ki, uşağın təhsildən yayınması ilə bağlı valideyni ilə dəfələrlə əlaqə saxlanılsa da, heç bir müsbət nəticə əldə olunmayıb.
Bununla bağlı Sabunçu Rayon Polis İdarəsinə və Rayon İcra Hakimiyyətinin nəznində yaradılmış Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyasına məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsindən məktəbə verilən cavabda bildirilib ki, şagirdin ailə üzvləri ilə əlaqə saxlanılıb, profilaktik söhbət aparılıb, təhsildən yayınmanın aradan qaldırılması barədə xəbərdarlıq edilib. Lakin bütün bunlara baxmayaraq şagirdin təhsildən yayınması halı davam edib.
Sonda Sosial Xidmətlər Agentliyindən bildirildi ki, artıq 13 yaşlı qız azyaşlı bacısı ilə birlikdə sosial xidmət müəssisəsinə yerləşdirilib. Orada uşaqlara sosial-psixoloji və digər xidmətlər göstəriləcək.