|
Yol-xeber.az" xəbər verir ki, Ötən gün axşam saatlarında Yevlax, Göyçay, Ağdaş və Goranboy rayonları ərazisində yağıntı ilə müşahidə olunan güclü külək ağacların bir-neçə avtomobil yolunun hərəkət hissəsinə aşmasına səbəb olmuşdur.
Avtomobil yollarında yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal qeyd olunan ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözügedən rayonlar üzrə Məhdud Məsuliyyətli Cəmiyyətlərinin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində yollarda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.
Bundan başqa, güclü külək M2 Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol kənarında yerləşən tikilinin dam örtüyünü uçuraraq Gəncə şəhəri istiqamətində yolun hərəkət hissəsinə salıb. Nəticədə sözügedən istiqamət üzrə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Agentliyin “3 N-li Magistral Yolların İstismarı” MMC-nin əraziyə cəlb olunmuş xüsusi texnikaları və canlı qüvvəsi qısa müddət ərzində dam örtüyünü yolun hərəkət hissəsindən təmizləyərək hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin edib.
YOLUNUZ AÇIQ OLSUN...