|
Tez-tez sosial şəbəkələrdə, mətbuatda yol polisləri ilə sürücülər arasında bəzi xoşagəlməz dialoqların şahidi oluruq. O cümlədən yol polisləri tərəfindən sürücülərin zorla avtomobilə əyləşdirilməsi, həmçinin sürücülər tərəfindən yol polislərinin təhqir edilməsi videoları da var. Bəs bütün bunlara səbəb nədir? Ümumiyyətlə, sürücü və yol polisi arasında münasibətlər necə olmalıdır? Qanunvericilikdə analoji münasibətlər necə tənzimlənir? Bütün bu suallara cavab tapmağa çalışacağıq.
Qanunvericilik nə deyir?
Mövzu ilə bağlı hüquqşünas Ərşad Hüseynov “MediaPost”a fikirlərini bildirib. O hesab edir ki, Dövlət Yol Polisi əməkdaşları ilə sürücülərin, o cümlədən digər yol hərəkəti iştirakçılarının qarşılıqlı münasibəti Azərbaycan qanunvericiliyi ilə kifayət qədər dəqiq şəkildə tənzimlənən hüquq münasibətlərindən biridir.
Hüquqşünas xatırladıb ki, hazırda ölkəmizdə polisin bütün xidmətlərinin, həmçinin Dövlət Yol Polisinin fəaliyyətinin ümumi əsaslarını müəyyən edən "Polis haqqında qanun" var: “Sürücülərin və digər hərəkət iştirakçılarının yollarda davranış qaydalarını, onların vəzifələrini, hüquqlarını, öhdəliklərini, bir-biri ilə qarşılıqlı münasibətlərini isə əsasən "Yol hərəkəti haqqında qanun" tənzimləyir. Bu qanunda eyni zamanda Dövlət Yol Polisinin fəaliyyətinə aid də müddəalar yer alır. Amma yol polisinin sürücülər və digər hərəkət iştirakçıları ilə qarşılıqlı münasibətlərini daha detallı tənzimlənməsi "Yol patrul xidməti haqqında təlimat”da nəzərdə tutulur. Həmin təlimat isə 2017-ci ilə Daxili İşlər Nazirliyinin Kollegiyası tərəfindən təsdiqlənib.”
Yol polisi və sürücü münasibətləri necə olmalıdır?
Ərşad Hüseynov hesab edir ki, sürücü və yol polisi münasibətləri hüquq münasibətləridir və qanunvericiliklə tənzimlənir. “Hər kəsin vəzifəsi, öhdəlikləri, məqsədi, qarşısında qoyulan əsas hədəflər qanunvericiliklə ümumi şəkildə, birbaşa, yaxud dolayısı ilə təsbit olunub. Xüsusilə bu münasibətlərdə DYP əməkdaşlarının fəaliyyəti qanunvericilikdə daha da təfərrüatlı əksini tapır. Çünki yol polisi hakimiyyətin təmsilçisidir və yol hərəkəti iştirakçıları barəsində müəyyən inzibati tədbirlər görmək səlahiyyətləri var. Amma əsas hədəf yollarda təhlükəsizliyin, nizam-intizamın və qayda-qanunun təmin olunmasıdır. Bunun üçün isə yol polisləri hüquqa uyğun olaraq fəaliyyət göstərməlidir. Yol polisi nə qədər dəqiq, qanunauyğun, diqqətli fəaliyyət göstərsə, qarşıya qoyulan hədəflər də o qədər yüksək səviyyədə olacaq.”
Yol polisi və sürücü münasibətlərində problemin səbəbləri nədir?
Ərşad Hüseynovun fikrincə, problemin əsas səbəblərindən birincisi yol hərəkətinə buraxılan naşı sürücülərdir. “Yol polisinin səlahiyyətlətinə diqqət yetirdikdə bu məsələ daha da aydın olur. Sürücülərin hazırlanması, imtahan verməsi, sürücülük vəsiqəsi ilə təmin olunması birbaşa yol polisinin ən başlıca istiqamətlərindən biridir. Odur ki, ilk növbədə burada şəffaflıq olmalıdır. Əgər sürücülər dəqiq hazırlansa, qaydaları bilməyən sürücülər hərəkətə buraxılmasa, o zaman yollarda peşəkarlıq səviyyəsinin artırması da müşahidə olunacaq. Burada peşəkarlıq dedikdə, təkcə texniki baxımdan deyil, həmçinin hüquqi cəhətdən nəzərdə tutulur. İntizamlı sürücü öz vəzifələrini gözəl bilir və yol polisi əməkdaşlarının əmr və göstərişlərinə daha diqqətlə yanaşır. Ümumilikdə elə bir davranış ortaya qoyur ki, DYP əməkdaşlarının onun fəaliyyətinə müdaxilələsinə yer qalmır.”
Cərimə və sanksiyalar problemi həll edirmi?
Yol polisi və sürücü münasibətlərdə digər bir incəlik isə DYP əməkdaşlarının sanksiya tətbiq etmək səlahiyyətinin olmasıdır. Ərşad Hüseynov hesab edir ki, burada şəffaf və ədalət prinsipi gözlənilməli, məsələyə peşəkarcasına yanaşılmalıdır. “Cəmiyyət görsə ki, yol polisinin əsas hədəfi insanların təhlükəsizliyi, intizamsızlığın qarşısının alınmasıdır, o zaman münasibətlər də qanunauyğun şəkildə olacaq. Çox təəssüf ki, intizamsız sürücülər, piyadalar hər yerdə var. Amma cərimələrin tətbiq edilməsində qeyd edilən məsələ görünməlidir.”
Maarifləndirmə problemin həllinə köməkdirmi?
DYP-nin səlahiyyətinə diqqət yetirsək orada da yol hərəkəti iştirakçılarının maarifləndirilməsi, təbliğat-təşviqat, yollarda davranış, nizam-intizamım öyrədilməsi kimi məsələlər də var. Ərşad Hüseynovun fikrincə, bu məqamlara da xüsusi diqqət yetirilməlidir. “Düşünürəm ki, yol polisi cəmiyyətdə qarşılıqlı etimadın qorunması üçün bütün səlahiyyətlərini düzgün həyata keçirsə, o zaman münasibətlər də yüksək olacaq. Həmçinin hərəkət iştirakçıları özləri də həvəslənəcək ki, daha da intizamlı olsunlar. Bir müddət sonra isə bu bir dəb halına çevrilərək ən gözəl davranış nümunəsi hesab olunacaq. İnsanlar cərimə olunmaqdan qorxaraq yox, əksinə bunun düzgün olmadığını anlayaraq qaydaları pozmayacaqlar. Düşünürəm ki, əsas hədəf elə bu olmalıdır.”
Neqativ davranış nümayiş etdirilən yol polisləri cəzalandırılırmı?
Təəssüf ki, bir çox hallarda yol polislərinin təlimatdan kənara çıxaraq sürücülərlə kobud davranışı halları olur.
Baş Dövlət Yol Polisi İdsrəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, yol polisləri qanunvericiliyin tələblərinə uyğun olaraq sürücülərlə etik qaydalar çərçivəsində davranmalı və kobudluğa yol verməməlidirlər: “Bütün bunlar gündəlik təlimatlarda yol-patrul xidməti inspektorlarına izah olunur. Eləcə də hər hansı bir vətəndaş tərəfindən yol polisinin hər hansı kobudluğa yol verməsi ilə bağlı müraciət olursa, dərhal araşdırılır. Hər bir yol polisi əməkdaşının üzərində məsafədən səs ötürən mikrofonlar var. Həmin mikrofonların qeydə aldığı səs yazıları vasitəsi ilə bunu müəyyən edə bilirik”.
Kamran Əliyev bildirib ki, bəzi hallarda yol polisi əməkdaşları arasında bu qaydaları pozanlar olur. “Bəzən əsəblərini cilovlaya bilməyən, səsini yüksəldən, kobudluğa yol verən inspektorlar olur və onlar da qanuna uyğun olaraq cəzalandırılır”.