|
Şərqdə ilk metro Bakıda, 1967-ci ildə tikilib. "Bakı Metropoliteni"nin ilk işçi qüvvəsi isə dəmiryollarında uzun illər təcrübə keçən kadrlardan olub. Onların arasında artıq dünyasını dəyişənlər, hələ tarix olaraq yaşayanlar da var. Avtosfer.az xəbər verir ki, bu barədə Sputnik Azərbaycan da bu dəfə tarixi yazanların toplaşdığı bir məkanda onlarla söhbətləşib.
Əksəriyyəti yaşı 80-dən yuxarı olan həmsöhbətlərimiz 1971-ci ildən etibarən bir binada yaşayırlar. Metropolitençilər üçün tikilən bina 1971-ci ildə onların istismarına verilib. Elə həmin vaxt 146-dək ailə bu binaya köçsə də, hazırda burada yaşayan metropolitençilərin sayı 25-30 nəfərdir. Onlar küçədə özləri üçün dörd tərəfi bağlı bir "budka" düzəldərək demək olar ki, bütün günlərini də orada keçirirlər.
Olan olub, keçən keçib deyərək, söhbətə başlayıb onların iş prosesi zamanı yol verdikləri nöqsanlardan danışdıq.
Həmsöhbətimiz olan Ənvər Tağıyev özünü ən unikal işçilərdən biri adlandırır. O, deyir ki, indi onun kimi elə bir adam tapmaq olmaz ki, həm metro, həm parovoz, həm də teplovozda işləmiş olsun. O, 1959-cu ildən Bakı deposuna gələrək müxtəlif parovozlarda işləyib. 1966-cı ildə isə artıq "Bakı Metrpoliteni"də maşinist kimi çalışmağa başlayıb. Fəaliyyəti baş verən bədbəxt olayadək – 1983-cü ilin sonlarınadək davam edib: "1983-cü ilin oktyabrından Moskvadan depo üçün təkbaşına hissələr daşıyırdım. Elə həmin ilin dekabrında bədbəxt hadisə baş verdi. Moskvadan 12 vaqon gətirirdim, birdən qəza baş verdi. Qəza Sumqayıt-Güzdək yolunda oldu və bu hadisəyə görə 2-ci qrup əlillik dərəcəsi aldım. Gətirdiyim həmin vaqonlar isə “metallom” kimi istifadə olundu".
Pensiyaçı metropolitençi Ənvər Tağıyev
Maşinist Malik Seyidov isə İran şahı Rza Pəhləvinin "Bakı Metropoliteni" ilə əyani tanış olmasına şahidlik edib: "O zamanlar metropolitenin rəisi olan Cahangir Nuriyev metronun "28 May" stansiyasından kabinəmə minərək dedi ki, elə sürməlisən ki, mən yerimdən tərpənməyim, dayanıqlılığımı itirməyim, əlimi o yan, bu yana tərpətməyim. Əks halda məni işdən çıxardacağı ilə hədələdi. Sonda işimdən razılıq etdi və buna görə də günlərin bir günü Rza şah Pəhləvi və onun həyat yoldaşını gəzdirmək mənə həvalə olundu. Qatarı depodan çıxardaraq "Nəriman Nərimanov" stansiyasında onları mindirdim. O zamanlar Heydər Əliyev də onlarla idi. Sonda şahın arvadı mənə dedi ki, “hər şey çox pakizə idi".
Maşinist Malik Seyidov
Sabir Rəhimov isə 1966-1981-ci illərdə metropolitendə çalışıb. O bizə qəza oyunu haqda danışır: "Qatar tuneldə qalarsa, maşinistə 5 dəqiqə vaxt verilir ki, vəziyyətdən çıxış yolu tapsın. Maşinist bunu bacarmadıqda köməkçi qatar çağırılır. Belə bir vəziyyət yaranarsa, asanlıqla çıxış yolu tapmaq üçün bilərəkdən depoda qatarları elə bir vəziyyətə gətirirdik ki, o hərəkət etmirdi. Bunun üçün digər maşinistlər mövcud nöqsanları axtarmalı olurdular. Qəza oyunundan çıxa bilməyən maşinisti isə imtahana göndərirdilər".
Sabir Rəhimov 1966-1981-ci illərdə metropolitendə çalışıb
Metroda əsas iş elektrikdən asılıdır, desək yanılmarıq. Ömrünün 44 ilini yerin altında keçirən və metronun ilk kadrlarından biri olan həmsöhbətimiz Dilavər Əzimov da xatirələrini vərəqləyir: "1967-ci ilin iyunundan Bakı Metropolitenindəyəm. O zamanlar metro işləmirdi, mən şaxta ilə metroya düşürdüm. Artıq alçaldıcı yarımstansiyalar tikildiyi üçün bizim əsas öhdəliklərimizdən biri gərginliyin itməsinin qarşısını almaq idi. Çünki gərginlik itsə, qatar dayanacaq, sərnişinlərlə dolu qatar tuneldə qalacaq. Bu səbəbdən də mənim işimin cavabdehliyi çox böyük idi".
Həyatının 44 ilini yerin altında keçirən Dilavər Əzimov
Sənəti ilə əlaqədar olaraq onun and yeri də işıqdır. Söhbət əsnasında nədənsə danışanda, dediklərinin həqiqət olmasına diqqət çəkmək üçün “and olsun işığa” deyir. Onun sözlərinə görə, metroda işlədiyi müddətdə yüzlərlə mütəxəssis yetişdirib: "Metroda bizə yarımstansiyalara gələn gərginliklərin itməsi kimi arzuolunmaz hadisələr baş verib. O zaman "qəza" maşını ilə gərginlik verən başqa stansiyalara gedirdim ki, bir gərginlik alım. Halbuki həmin yarımstansiyaların mənə gərginlik vermək üçün heç bir hüquqları yox idi. Çünki yarımstansiyadan başqa istiqamətə gərginliyin alınması onların işini iflic edə bilərdi. Bir dəfə 120 nömrəli yarımstansiyaya gedərək yalvarmışam ki, mənə elektrik enerjisi ver, qatar tuneldə qalıb, orada sənin də doğmaların var. Söz verdim ki, işdir, gərginlik itsə, lomu vurarsan başıma".
Pensiyaçı metropolitençilər
Bakıda metro açılmazdan öncə dəmiryolu olub. Metro özü də dəmiryolu hesab edilir. Bu səbəbdən də Bakıda ilk dəfə olaraq metro fəaliyyətə başlayanda kadrları məhz dəmiryolundan gətiriblər. O zamanlar Cahangir Nuriyev birinci Zaqafqaziya Dəmir Yolu İdarəsinin rəis müavini olub. O, metropolitenin birinci rəisi kimi fəaliyyətinə başlayanda dəmiryolundan tanıdığı kadrları metroda işə cəlb edib. Lakin metro ilə dəmir yolu arasında fərqlər olduğu üçün kadrlar Moskva və Kiyev kurslarına cəlb olunub. 81 yaşlı Şirzad Mikayılov 1967-ci ildə "Bakı Metropoliten"ə dəmir yollarından gəlib. Öncə metroda maşinist kimi çalışan həmsöhbətimiz 70 yaşınadək yerin altında işləyib. Son olaraq isə depoda çalışıb: "Bir dəfə "Koroğlu"da stansiyaya girəndə elə bildim ki, sərnişinlər məni qarşılayır, əl-qolla salamlayırlar. Sən demə, bir qadın reyslər üzərinə düşübmaş, camaat da qatar onun üstündən keçməsin deyə, mənə əl-qolla işarə edirmiş. Mən sürəti güclə tənzimləyib, qatarı saxlaya bildim”.
81 yaşlı Şirzad Mikayılov 1967-ci ildə "Bakı Metropoliten"ə dəmir yollarından gəlib
Həmsöhbətimiz deyir ki, dəmir yolunda intervallar saatlarla olsa da, metroda intervallar dəqiqələr, saniyələrlədir, bu səbəbdən də metroda işləmək daha çətindir. Dispetçer İslam İsayevin də başına gələnlər az olmayıb. O, 1994-cü ildə metroda törədilən terror aktını belə xatırlayır: "1994-cü ilin iyul ayını 3-də mənə qatarın partlaması və 13 nəfərin ölümü ilə bağlı məlumat gəldi. Dərhal cərəyanı təmas reysindən çıxartdım, bir müddət həmin stansiyanın fəaliyyəti dayandırıldı. Olanlar dəhşət idi". O, 41 il dispetçer, "Ulduz" stansiyası istismara veriləndən sonra isə 6 burada rəis kimi çalışıb.
Bakı metrosunda 41 il dispetçer işləyən İslam İsayev
Bəzən nəsə olanda sərnişinlər deyir ki, maşinist yuxuludur deyəsən. Sən demə, bu fikirlər də həqiqət imiş. Nəinki yuxulu, elə yatmış vəziyyətdə stansiyaya daxil olan maşinistlər də olub. Uzun illər maşinist kimi çalışan həmsöhbətimiz Aftandil Bayramov da belələrindəndir.
Söhbətə isə “lap düzünü deyəcəyəm, artıq olan olub, ötən ötüb” deyə başlayır: "Maşinist köməkçim var idi, qazaxlı idi. Elə hey oxuyardı ki, “ay qadan alem, ay qadan alem”. Bilmirəm o belə oxudu deyəmi, ya nəyə görə, məni yuxu apardı. Papağım başımda olduğu üçün o mənim yuxuladığımı görməmişdi. Birdən baxıb görüb ki, stansiyaya girən zaman sürət həddini aşmışam. Bu zaman papağımı qaldırıb görüb ki, yuxulamışam, silkələyib, ayıldıb məni. Ayılanda artıq bir qədər stansiyadan uzaqlaşmışdım. Buna icazə olmasa da, sonradan bir qədər qatarı geriyə sürərək stansiyada sərnişinləri boşaltdım. O zaman bir işçi var idi, növbəm bitəndən sonra gedib ondan soruşdum ki, mənim bu nöqsanımı kimsə gördü, dedi yox. Dedim dayı sabah sənə böyük bir şokolad qutusu gətirəcək".
Aftandil Bayramov o zamanın “bərk gedən” maşinistlərindən, öz təbiri ilə desək, "lixaç"larından olub: "Öncələr qatarlar stansiyaya yüksək sürətlə daxil olurdu, indiki kimi asta-asta yox. O zamanlar mənim kimi 6-7 "lixaç" var idi. Bizim adımız çıxmışdı, nəsə təsadüfi bir hadisə də baş verəndə, heç aidiyyəti olmadan deyirdilər ki, sürətlə gəlib. Düzdü, buna görə cəzamız da ağır olub. Mükafatımızı kəsiblər, ya da bir neçə ay ərzində maşinist köməkçisi kimi işləmək məcburiyyətində qalmışıq".
Aftandil Bayramov
Onların dostluqları da elə metropolitenlə yaşıddır. Bəzən bir-birlərinin sözünü kəsən, sözləri çəp gələn qonşular söhbət əsnasında rəhmətə gedən digər həmkarlarını da yada saldılar.
Mirzə Kərimov isə deyir ki, maşinistlər, qatarlar metronun ürəyidirsə, ekskalator onun ciyəri sayılır. Çünki metroda ekskalatorlarla iş onun işinin canı idi: "Ekskalator işləməsə, stansiya camaatla dolur. Yadımdadır, bir dəfə metropolitenin o vaxtkı rəhbəri Tağı müəllim ekskalatorla qalxarkən, o xarab oldu, dayandı. O zaman işçilərdən biri ekskalatorda yaranan problemi həll etdi. Amma onu işə salanda tərs istiqamətdə işə saldı. Yəni camaat üzü yuxarı dayanmışdı, ekskalator isə qəfil üzü aşağı hərəkət etdi. Tağı müəllim də orda idi, bu hadisə böyük hay-küyə səbəb oldu".
Mirzə Kərimov
"Bir dəfə də cavan qızın paltosu ekskalatora irişmişdi. O isə and-aman edir ki, bu palto əsl ceyran dərisindəndir. Deyirdi ki, buna görə valideynlərim məni öldürəcəklər. Onun paltosunu ekskalatorun arasından çıxardım, dedim gəl arxamca. Qızı otağıma apardım, ona narahat olmasın deyə ürək-dirək verdim, dedim bax gör indi dayın neyləyəcək. Paltonun ətəyini kəsib verdim özünə", - deyə o söhbətinə davam edir.
Metroda iş zəncirvari qurulduğu üçün hər kəs çiyinlərində böyük məsuliyyət daşıyır. Çünki ani səhlənkarlıq, yaxud da kiçik problem metropolitenin bütün işini iflic edə bilər.
Vaqif Vəliyev isə tunel qurğularına nəzarət edib. Amma gözlənilməz hadisələr ondan da yan keçməyib: "Tunel qövs şəklindədir. Bura yeraltı suların, quruntun öz təzyiqləri var. Yeraltı su bu probkalarla qəbul olunur. Bəzən təzyiq yüksək olduqda su, palçıq, gil tunelə tökülür, bu zaman da hərəkət dayanır. Camaat indi də elə bilir ki, bu metro tramvaydır. Deyirlər metro niyə 30 qəpikdir. Eyni yolu metro da getsin, tramvay da, görün hansının xərci daha çox idi. Belə arzuolunmaz hadisələrlə də qarşılaşmışıq".
Keçmiş metropolitençilər
Keçmiş metropolitençilər deyir ki, "Bakı Metropoliteni" işinə başlayanda onların bir saatlarına görə əmək haqqıları 1 manat 1 qəpik olub. Beləcə duzlu, məzəli, bəzən isə heç də xoş olmayan hadisələrlə yaddaşlarını yenidən təzələyən metropolitençilərdən onların diləklərinin gerçəkləşməsi ümidi ilə ayrılırıq: kimisi sanatoriyalarda onların müalicəsi üçün şəraitin yaradılmasını, kimisi fəxri dəmiryolçu olduğunu deyərək Dəmir Yolları Xəstəxanasında onların pulsuz qəbulunu, böyük əksəriyyət isə bir ağızdan yaşadıqları binanın həyətində onlara oturmaq, vaxt keçirmək üçün ayrıca bir tikilinin olmasını arzulayırlar...
Bizdən isə sadəcə olaraq bunları sizinlə paylaşmaq qalır.