|
Son günlər "Bravo" supermarketlər şəbəkəsi adından bir sıra vətəndaşlara uduş kampaniyası mətninin yer aldığı keçid linki göndərilir.
"Yol-xeber.az"ın xəbərinə görə, sözügedən mətndə vətəndaşlar anketi dolduraraq uduş kampaniyasında iştirak etməyə və müəyyən məbləğdə uduş əldə etməyə çağırılır.
"Bravo" supermarketlər şəbəkəsi isə sosial media hesabından açıqlama yayaraq kampaniyanın şirkətlə hər hansı bir əlaqəsinin olmadığını deyib: "Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə "Bravo" adından müəyyən mətnlər paylaşılır. "Bravo" marketlər adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsinə heç bir aidiyyatı yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik".
Texnobloger Fərid Pərdəşünas isə bildirib ki, qətiyyən həmin linkləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın:
"Hazırda kütləvi şəkildə sosial şəbəkə istifadəçilərinin profillərinə şifrə yeniləmə kodları daxil olur. Bu hücumdur və profilləri sındırma cəhdidir. Qətiyyən həmin likləri və kodları sosial mediada yaxud başqa insanlar ilə paylaşmayın. Həmin mesajları silin ya da görməzdən gəlin".