|
ABŞ Alimləri Federasiyasının (FAS) əməkdaşı Yandeks xəritələrində Türkiyə və İsrailin aralarında gizli saxlanan hərbi obyektlərin də olduğu ərazilərin göstərildiyini aşkar edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytındakı hesabatda bildirilib.
Qurumun Mett Korda adlı əməkdaşı müəyyən edib ki, kartoqrafiya servisi dövlətlərin ərazisindəki bir sıra məntəqələri “bulanıq” şəkildə təqdim edib. Beləliklə, Yandeks hər iki ölkənin hərbi obyektlərinin, habelə NATO hərbi bazalarının dəqiq yerləşdirilməsini təqdim edib. Xəritələrdə alyansın İzmirdə yerləşən quru qoşunları komandanlığı və ABŞ-ın ölkə sərhədlərindən kənarda saxlanılan ən böyük nüvə-qravitasiya bombaları B61-lərin olduğu İncirlik aviabazasının yeri də göstərilib.
FAS-ın əməkdaşı Quqlun xəritə xidmətinin təqdim etdiyi görüntülərlə Yandeksdəki görüntüləri uyğunlaşdırmaqla hərbi obyektlərin yerlərini müəyyən edib. Yandeksdən fərqli olaraq, Quql xəritələrində həmin ərazilər göstərilməyib. Söhbət böyük aerodrom, liman, bunker, sığınacaq və yataqxanalardan gedir.
Ekspertin sözlərinə görə, xəritələrdə heç bir Rusiya hərbi obyekti bu şəkildə göstərilməyib. Bundan əlavə, xəritələrdə Suriya bölgəsinin təsvirləri də elə bir tərzdə təqdim olunub ki, həmin xəritələrdən istifadə demək olar ki, mümkünsüzdür.
FAS əməkdaşının fikrincə, xəritələrdəki bulanıqlıq İsrail və Türkiyə hərbçilərinin tələbi ilə edilmiş ola bilər. Ancaq bu tələb təhlükəsizlik naminə edilsə belə, “bulanıq” təsvirlər həmin əraziyə daha çox diqqət çəkməkdən başqa işə yaramayıb.