|
Azərbaycanda hələ ki, mövsümi virusların törətdiyi xəstəliklər müşahidə olunur, yəni hələlik gedişat ağır deyil.
Ancaq istənilən halda özümüzü qorumalıyıq. Özündə xəstəlik, halsızlıq hiss edən şəxs yataqda müalicə almalıdır.
Bu sözləri Axar.az-a uşaq həkimi, pediatr Vaqif Qarayev Gürcüstanda yayılan və 8 adamın ölümünə səbəb olan H1N1 virusu və bu səbəbdən Azərbaycanla sözügedən ölkənin sərhədində görülən tədbirlər barədə danışarkən bildirib.
Həkim qeyd edib ki, xəstə uşaqlar bağçaya, məktəbə, böyüklər isə işə getməməlidir:
“Donuz qripi ilə bağlı Gürcüstanda vəziyyət yaxşı deyil. Son məlumata görə, xəstəxanalar xüsusi rejimlə işləyəcək. Amma rəsmilər xəstəliyin azalma tendensiyasını da qeyd edirlər. Bizim sərhəddən verilən məlumata görə, əksepidemik tədbirlər görülür. Bizdə hələ ki, mövsümi virusların törətdiyi xəstəliklər müşahidə olunur, yəni gedişat ağır deyil. Amma istənilən halda özümüzü qorumalıyıq”.
Həkim xəstəlikdən özümüzü və uşaqları qorumağın ilkin yollarından da danışıb:
“Xəstələnməmək üçün insanların sıx toplaşdığı məkanlara getməmək daha yaxşıdır. Qoruyucu maskadan istifadə etmək lazımdır, əllər tez-tez sabunla yuyulmalıdır, xəstə uşaqlar bağçaya, məktəbə, böyüklər işə getməməlidir.
Özünümüalicə üçün ancaq qızdırmasalıcılardan istifadə etmək olar. Həkim təyinatı olmadan antibiotikdən istifadə etmək olmaz. Çünki bu preparatlar viruslara təsir etmir, əksinə, vəziyyəti daha da ağırlaşdırır.
Gün ərzində bol maye və meyvə-tərəvəz qəbul etmək lazımdır”.
Səhiyyə Nazirliyindən isə bildirilib ki, ağır formalı qrip xəstələrinin hospitallaşdırılması üçün Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda mənfi təzyiqli bokslar, 1 saylı Kliniki Tibbi Mərkəz və 7 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında donuz qripi xəstəliyi ilə əlaqədar xüsusi palatalar ayrılıb, onlar hazır vəziyyətə gətirilib, dərman vasitələri, tibbi ləvazimat və inventarlarla təchiz edilib.
Sərhəd keçid məntəqələri hərarətli xəstələri aşkarlamaq üçün termoindikatorlar təchiz edilib.
Xatırladaq ki, Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 9 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır.