|
Nəsimi hürufiliyi qəbul edəndə subay idi. O, Hafiz Şiraziyə bir məktub ünvanlayaraq deyir ki, biz də sənin kimi mücərrədlik küçəsində təcridik. Farsca şeirlərində də mücərrəd, yəni subay olduğunu deyir. Hafiz 1389-cu ildə vəfat etdiyinə, hürufilik 1386-cı ildə üzə çıxdığına görə düşünürəm ki, bu illər ərzində Nəsimi subay olub.
Kult.az xəbər verir ki, bu sözləri AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva Teleqraf.com-a geniş müsahibəsində deyib.
S.Şıxıyeva bildirib ki, Nəsimi hürufiliyin ilk illərində də subay idi, çünki hürufiliyi qələndərilər arasında yayanda da özünə mücərrəd deyir, yəni subay olduğunu vurğulayır:
“Araşdırmalarıma görə, Nəsimi qələndəriliyə qədər evlənib, amma bu, uğursuz evlilik olub. Əsərlərində işarələr var, “ol gedən getdi əlimdən” deyib ağı dediyi şeiri var. “Fələk cəfavi-cövr ilə məndən aldı yarımı” deyə yazır. Bu baxımdan Nəsiminin də Nizami, Xəqani kimi ilk məhəbbəti uğursuz olub.
Onun sözlərinə görə, İ.Nəsimi ikinci dəfə ailə qurub və bir oğlu, bir qızı dünyaya gəlib:
“Lakin bir şeirində deyir ki, “çün Nəsiminin Əbülfəzl oldu həqdən künyəsi”. Künyə böyük oğula görə ataya verilən addır. Həm Allahın təqdiri ilə oğul sahibi olduğuna işarə edir, həm də həqdən, yəni Fəzlullaha görə oğlunun adının Fəzl qoyduğunu vurğulayır. Farsa şeirində də Əbülfəzl künyəsinə rast gəldim, başqa türkcə şeirində də özünə Əbülfəzl Nəsimi adını verir.
Daha bir qaynaqda Nəsiminin həm də qız atası olmasıdır. Nədənsə mənə qədər ərəbcə qaynaq kiminsə diqqətini cəlb etməmişdi, ilk dəfə mən üzə çıxardım. Orada yazılır ki, Nəsiminin qızı Zülqədər bəyi Nəsrəddin bəyin zövcəsi idi və onların bir övladı vardı. Həmin Nəsrəddin bəyin adı Nəsiminin edamında da çəkilir. Təəssüf ki, Nəsiminin qızının adı həmin qaynaqda qeyd olunmur.
Misir sultanı sona qədər qisasını alır. Nəinki Nəsimini Nəsrəddin bəydən tələb edib həbsə atır, eyni zamanda qızının da ayrılmasına səbəb olur. Misir sultanı həmin izdivacı pozdurur.
Onu da qeyd edim ki, Nəsiminin həyat yoldaşının kim olması ilə bağlı məlumat yoxdur”.
Alim Nəsiminin türk olması ilə bağlı faktlardan da danışıb:
“O, özünün türkman olduğunu deyir: “Ərəbin nitqi tutuldu, sənə kim deyir ki, türkmansan”. Amma bu türkman hazırda türkmən alimlərinin iddia etdiyi kimi indiki Türkmənistan ərazisindəki əhalinin milliyyətini ifadə etmir. Orta əsrlərdə Faruk Sümerin araşdırmalarına görə, XVI əsrə qədər “türkman” “türk” kimi geniş bir etnonim idi. Yəni türk xalqlarının böyük əksəriyyəti türkman adlanırdı. O türkmanların yayılma arealına Azərbaycan da daxildir. Bu gün Azərbaycanda tərəkəmələr də var. Biz türkman hesab olunmuşuq.
Amma çox təəssüf ki, zaman keçdikcə “türkman” sözünün əhatə dairəsi daralmağa başlayır, onun yerini “türk” etnonimi alır. Bu mənada biz bu gün Nəsiminin türkman olduğunu deyəndə bunun ətrafında çox böyük mübahisələr başlayır. İraq türkmanları deyir bizdəndir, Türkmənistan türkmənləri deyir, xeyr, bizimdir... Türkiyədə də yenə onun türkmanlığı ətrafında mübahisələr var. Bununla belə, türkmanların tarixi inkişafına, keçdiyi yola baxanda görürük ki, Nəsimi Azərbaycan türküdür. Dil baxımından da, mənsub olduğu coğrafiya baxımından da”.
Nəsiminin seyidliyi haqda da danışan S.Şıxıyeva bunları deyib:
“Özü də inanıb seyid olduğuna. Dönə-dönə də Haşimi, Qüreyşi, İbrahimi nəslinə bağlılığını vurğulayır”.