|
Erməni təbliğatının qırmızı xətti Türkiyə, İran, Azərbaycan, Qafqaz, İraq, Suriya bölgələrində olan bir xeyli kulinar, musiqi, rəqs incilərini öz adlarına çıxmaqdır. Hətta “türk qəhvəsi” adı ilə yayılmış qəhvəni “erməni qəhvəsi” adlandırırlar.
Kult.az xəbər verir ki, bu sözləri tanınmış filosof Niyazi Mehdi sosial şəbəkə hesabında qeyd edib. O, erməni dili ilə bağlı çox maraqlı bir məqama da toxunub:
“Bir sual məni çox düşündürür: əgər ermənilərin yüksək kültür ixtiraçılığı olubsa, türklərə, ərəblərə, gürcülərə bu ixtiralara uyğun dil təsiri olmalıydı. Yunanların türk dilinə təsiri olub, məsələn, “əfəndi”, “fəlsəfə”, “həyulə” (hile-materiya) bu təsirlərin sonucudur. Ərəbcəyə, gürcü dilinə, eləcə də erməni dilinə təsiri olub. Bəs erməni dilinin arxasında dedikləri yüksək kültür dayağı olubsa, nədən Yaxın və Orta Şərq dillərinə təsiri olmayıb? Bilənlər varmı, bəlkə olub?”
Məsələyə münasibət bildirən ermənişünas alim Qafar Çaxmaqlı deyib ki, ermənilərin iddialarının əksinə olaraq, bu xalq özü türk dilinin təsiri altındadır:
“Türklərin erməni toplumuna, türk dilinin ermənicəyə təsiri danılmaz faktlardır və bu, ermənilərin özləri tərəfindən etiraf olunur. Bu mövzularda mənim Türkiyədə və Azərbaycanda yayımlanmış çalışmalarım da var. Erməni dilinə türk dilindən keçən kəlmələr o qədər çoxdur ki, 100 ildir ermənilər onları dəyişdirməyə çalışırlar, yenə də alınmır. İndinin özündə də hər cümlələrində bizim dildən keçmiş sözlərdən istifadə edirlər. Hələ 1902-ci ildə erməni alim Hraçya Acaryan “Türk dilindən ermənicəyə keçən kəlmələr Konstantipolun, Vanın, Qarabağın və Yeni Naxçıvanın dialektləri ilə müqayisədə” adlı kitab yazıb. Hazırda həmin kitabı tərcümə edirəm. Sözügedən kitabda 4262 söz var ki, erməni Acaryan onların türk dilindən və ya türk dili vasitəsilə başqa dillərdən erməni dilinə keçdiyini iddia edir. O, 1926-cı il Bakı Türkoloji qurultayındakı çıxışında da 4 mindən artıq sözün türkçədən ermənicəyə keçdiyini demişdi. Ermənilər orta əsrlərdə öz dillərini unudaraq türkcə danışıblar. 1927-ci ildən başlayaraq erməni hərfləri ilə yazılmış 2000-dən artıq kitab, məqalə, qəzet, şeir, roman və başqa ədəbi nümunələr var və Ermənistanda bunun biblioqrafiyasını (müəllifi Hasmik Stepanyandır) hazırlayıb çap ediblər. Hansısa yemək növünün, musiqi əsərinin və s. ermənilərə aidliyi əslində erməni xəstəliyidir. Çünki həmin maddiyyatın adları türkcədir”.
Alimin sözlərinə görə, bir ölkənin mədəniyyətinin başqa xalqlara təsir göstərməsinin xüsusi prinsipləri mövcuddur:
“Dünyada qəbul edilmiş belə bir prinsip var ki, bir xalq kültür baxımından qonşuluğundakı millətlərə o zaman təsir edə bilər ki, onun mədəniyyəti qarşısındakından üstün olsun. Deməli, türklərin mədəniyyəti, dili, məişəti onlardan üstün olub ki, erməni yeməklərinin adı türkcədir, şair və aşıqları türkcə yazıb oxuyublar. Özlərinin də təsdiq etdikləri kimi, dillərinə minlərlə söz, ifadə, məsəl və s. türkcədən keçib”.