|
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru akademik Kamal Abdulla Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Ekert ilə görüşüb.
Kult.az xəbər verir ki, qonağı universitetdə görməkdən məmnun olduğunu bildirən akademik Kamal Abdulla ona universitet haqqında məlumat verib. Çexiyanın qədim tarixə sahib ölkə olduğunu deyən K.Abdulla ölkələrarası əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini bildirib, hər iki ölkənin ali təhsil müəssisələrinin bu münasibətlərin inkişafına yeni töhfələr verə biləcəyini vurğulayıb.
Rektorun sözlərinə görə, ADU-da çex dili və Mədəniyyəti Mərkəzinin də açılması nəzərdə tutulur. Rektor ümid etdiyini bildirib ki, Çexiya universitetlərindən birində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi açılacaq.
Səmimi qəbula görə ADU rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Çexiya universitetləri haqqında danışıb.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə mübadiləsi, mütəxəssislərin təmin edilməsi haqqında da fikir mübadiləsi aparılıb.
Görüşdən sonra səfirliyin təşəbbüsü ilə ötən il Praqaya səyahət edən azərbaycanlı fotoqraf Aydın Sadıxovun “Qədim Praqanın əfsanələri və tarixi” fotosərgisinin açılışı keçirilib. Sərgidə qədim binaların, küçələrin, qotik kilsələrin, mistik abidələrin fotoşəkilləri təqdim olunub. Fotoşəkillərdə qədim Yozefov məhəlləsinin tarixi, Qolem və onu yaradan Rabbi Lev tərəfindən məskunlaşdığı yer kimi təqdim olunmuş “Stara-Novaya” sinaqoq, öldürülmüş rahibənin əfsanəsi, Kampa adasının Su adamı, Əlkimyaçılarının laboratoriyasını, Dəmir adamı – Yahim Berkanın ruhuna həsr olunmuş məşhur heykəl, əfsanəvi Karlov körpüsü, indiyə qədər gecə saatlarında Praqanın küçələrində atla gəzən başsız tampliyer-cəngavər və digərləri öz əksini tapıb.
Sərgidə fotoqraf iştirakçıları çəkdiyi fotoların mahiyyəti ilə yaxından tanış edib.