|
Ötən həftə "Azadlıq" prospekti ilə hərəkət edən avtobuslardan birinin sərnişini qapı açıq olduğu üçün yıxılıb. Lakin sürücü buna baxmayaraq, işıqforun qırmızı işığında yolayrıcına daxil olub. Yol-nəqliyyat hadisələri içərisində avtobus sürücülərinin iştirakı ilə baş verən pozuntu halları az deyil. Son bir ay ərzində bir neçə piyada avtobus vurması nəticəsində dünyasını dəyişib. Bəs kütləvi şəkildə insanları daşıyan həmin sürücülərin qayda pozuntularının qarşısının alınması üçün hansı tədbirlər görülür?
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polkovnik Vaqif Əsədov Lent.az -a açıqlamasında problemlərin qarşısının alınması üçün avtobus sürücüləri ilə maarifləndirici görüşlərin keçirildiyini bildirib: “Avtobus sürücüləri arasında nizam-intizam qaydalarına riayət edilməsi üçün dəfələrlə maarifləndirici və profilaktiki tədbirlər keçirilib. Müşahidələrimiz göstərir ki, avtobusların və yük maşınlarının törətdiyi qəzaların sayında azalma var”.
Vaqif Əsədov "Azadlıq" prospektində sərnişinin yıxılması ilə nəticələnən qəza barədə də danışıb. Polkovnik daşıyıcı şirkətin cərimələndiyini qeyd edib: “Bütün hadisələr qeydə alınır və günahkar məsuliyyətə cəlb olunur. Həmin hadisəni törədən sürücü də müəyyən edilib və daşıyıcı şirkətə cərimə yazılıb. Cərimə yaxın müddətdə ödəniləcək”.