“Piyada səkiləri ya zəbt edilib, ya da...”

 

“Paytaxtın bir çox küçələrində piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir”.

Bu sözləri Bakı Nəqliyyat Agentliyinin Nəqliyyat infrastrukturunun təşkili şöbəsinin müdiri Fuad İsmayılov piyada səkilərinin vəziyyəti ilə bağlı keçirilmiş mətbuat konfransında deyib. Şöbə müdiri bildirib ki, bir müddətdir ki, Bakı şəhərində piyada səkilərinin təhlil edilməsi işlərinə başlanılıb. Artıq paytaxtın Səbail, Nəsimi, Yasamal, Binəqədi və Nərimanov rayonları bütünlüklə təhlil edilib:

“Nizami rayonununun isə, hələ ki, yalnız Qara Qarayev prospektində analoji işlər aparılıb. Əldə etdiyimiz nəticələr vəziyyətin kifayət qədər ürəkaçan olmadığını deməyə əsas verir. Müəyyən edilib ki, bir çox küçələrdə piyada səkiləri ya iaşə, xidmət və ticarət obyektləri tərəfindən zəbt edilib, ya da ümumiyyətlə standartlara cavab vermir. Bu da piyadaların təhlükəsizliyinin təmin edilməsində bir sıra çətinliklər ortaya çıxarır. Belə ki, bu cür hallarda piyadalar yolun hərəkət hissəsinə çıxmağa məcbur olduğundan yol nəqliyyat hadisələrinin baş vermə riski artır”. 

 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına əsasən, yerli əhəmiyyətli küçə və yollarda səkinin piyada hissəsinin eni 1,5 metrdən az olmamalıdır.

Hazırda aşkar edilən çatışmazlıqların aradan qaldırılması istiqamətində konkret addımlar atılır. Təhlillərin nəticələri müvafiq olaraq, rayon icra hakimiyyətlərinə məktub vasitəsi ilə təqdim edilib. Artıq Nəsimi rayonunda qanunsuz olaraq müxtəlif obyektlər tərəfindən zəbt edilən səkilərin standartlara uyğunlaşdırılması və piyadaların rahat hərəkətinin təmin edilməsi məqsədilə işlərə başlanılıb. Bununla yanaşı, Nizami rayonu Qara Qarayev prospektinin müəyyən hissəsində də səkilərin piyadaların hərəkəti üçün uyğun vəziyyətə gətirilməsi işləri görülməkdədir.

Xəbər lenti