Polis şəhərə girişi niyə məhdudlaşdırır?

Təhsil müəssisələri və ona bitişik yollarda bu gün səhər saat 07:45-dən 08:20-yə  qədər sıxlıq qeydə alınıb.

Bu barədə  Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin rəsmisi Vaqif Əsədov  məlumat verib. O bildirib ki, sıxlıq yaşanan ərazilər Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti, Azneft dairəsi, Parlament prospekti və.s olub: “Burada yol zolağı üzrə avtomobillər sıx cərgələnib. Demək olmaz ki, bu tıxacdır. Ancaq avtomobillərin hərəkət intensivliyinə təsir göstərib. Amma əməkdaşlarımız təhkim edildikləri ərazidə nizamlayıcı qismində olub və hərəkəti nizamlayıblar.

Saatda 10-20 km sürət qeydə alınıb.  Cüzi hadisəylə nəticələnən 4 nəqliyyat hadisəsi baş verib. Bu da süni sıxlığın yaşanmasına gətirib çıxarıb”.  

 

Bəzi yolayrıcılarında nizamlayıcı polisin olmaması və nəticədə sıxlığın yaranmasına gəlincə isə V. Əsədov vurğulayıb ki, bu gün 20 saylı məktəbin yanındakı yolayrıcından canlı yayım edilib: “Bura 4 yolun kəsişməsidir. Elə 4 nəfər əməkdaşımız burada olub. Yolayrıcında bir nizamlayıcı polis olsa onun işarəsi kifayət olmalıdır. Amma bir yolayrıcına 4 əməkdaş yığmışıq ki, konkret hər ayrıca biri göstəriş versin. Hansı ərazidə nizamlayıcı polis yoxdursa, bu his hal kimi qələmə verilməməlidir.

İkincisi, sürücülər yol polisi olmadan da hərəkəti nizamlamalıdır. Hər kəs deyir ki, tələsirəm.  Avtobus sürücüsü deyir ki, bir  dəqiqə gecikmək onlar üçün cəzadır. Sürücü deyir ki, məktəbə uşaq aparır, buna görə də vaxtında çatmalıdır. 

Ona görə də hərəkətdə birinci olmaq istəyi qısa müddətdə süni sıxlığın yaranmasına gətirib çıxarır. XXI əsrdə bütün hərəkət kameralarla tənzimlənib. Belə olan halda yolda niyə yol polisi dayanıb nizamlama aparmalıdır? Sürücülər özləri hərəkətlərini nizamlanmalıdır”.

Bu arada bildirək ki, bu gün səhər saatlarında Zabrat qəsəbəsindən və Azneft dairəsindən şəhərə giriş yol polisi tərəfindən məhdudlaşdırılıb. Sürücülər bu məhdudlaşmanın süni sıxlığın yaranmasına gətirib çıxardığını qeyd edib. Həmin sıxlıqla bağlı videolar da sosial şəbəkədə paylaşılıb. V. Əsədov bununla bağlı məlumatının olmadığını və məsələni araşdıracağını qeyd edib.

Xəbər lenti